z
22 DEKABR / 2017 / 00:00
Metropolitenin əvvəllər hərəkət qatarları xidməti adlanan, indi isə “Nərimanov” elektrik deposu kimi tanınan istehsalat sahəsi öz əhəmiyyətinə və hərəkət prosesindəki mövqeyinə görə seçilir. Deponun fəaliyyətinin ilk dövrlərində yükün ən ağır tərəfini çiyinlərinə almış lokomotivçilərin çoxu təqaüdə çıxıb, bəziləri isə haqq dünyasına qovuşublar. Depo kollektivinin yarandığı gündən 2002-ci ilədək metropolitenin qatar maşinisti olmuş, veteranımız Rafail Qizətoviç Minulinlə görüşdük. O, 52 illik əmək bioqrafiyasının 38 ilini metropolitenə həsr edib.
Maşinistlik təcrübəsi ona Bakı metropoliteninə müraciət etməsi üçün təkan verir. 1967-ci il martın 1-də metropolitenin hərəkət qatarları xidmətinə manevretmə maşinisti vəzifəsinə işə qəbul olunur.
“Qatarların da qulluğa ehtiyacı var”
- 1967-ci ildə Bakı metrosunun parkında vaqonların sayı 50 idi. Bu qədər vaqonla o vaxtkı hərəkət cədvəlini təmin etmək olurdu. Depo - metropoliten vaqonlarının evidir, cəmi 4 saatlıq fasilə nəzərə alınmazsa, bütün gün ərzində şütüyən qatarların dincəldiyi, müayinə və müalicə olunduğu yerdir. Hər dəfə sərnişinlər “Qatar depoya gedir” sözlərini eşitdikcə əhvalları pozulur. Amma sərnişinlərin özləri kimi, qatarların da “istirahət”ə, qulluğa ehtiyacı var.
Şəhərin altında tarixi gün - ilk sınaq qatarı xəttə verilir
Onu idarə etmək, adı Azərbaycan Dəmir Yolunun inkişafı tarixi ilə bağlı olan təcrübəli maşinist Nağı Nağıyevə həvalə edilib. 1967-ci ildə onu respublikanın birinci elektrik qatarının sürücüsü kimi Moskva metro maşinistləri kursuna göndərmişdilər. Yeraltı qatarların gələcək sürücüləri qrupuna daxil edilənlərin əksəriyyəti gənc dəmiryolçular, parovoz və teplovoz maşinistləri, maşinist köməkçiləri idi. Onlar Moskva və Kiyev metropolitenlərində 3 aylıq nəzəri və praktik hazırlığı başa vurduqdan sonra, Bakıya qayıtdıqda Mıtişşi zavodunun istehsalı olan yeni qatarlar artıq ilk səfərə hazırlaşırdı.
Sınaq qatarlarından əvvəl əndazə çərçivəsi ilə bütün tunellərin yoxlanmasında iştirak edən “Bakıtuneltikinti”nin mütəxəssisləri tunelin kefiyyətindən də razı idilər. Nəhayət, ilk sınaq qatarının yola salındığı gün gəlib çatdı. Həmin gün depo növbətçisi Rafail Minulinə qatarı səfərə hazırlamaq tapşırığı verildi. O günün xatirəsini isə veteranımız belə xatırlayır:
- Bakı metrosu üçün 16 oktyabr tarixi günlərdən biridir. Həmin günü yada salmaq istərdim. 50 il bundan öncə oktyabrın 16-sı səhər saat 4:51 dəqiqədə metronun ilk vaqonu yola çıxıb. Həmin gün ilk dəfə təmas relsinə gərginlik verilib, yeraltı xətlərin və qatarların sınaq yoxlaması başlanıb. Həmin gündən - Sovet İttifaqının 50 illiyinə həsr olunmuş rəsmi açılış günündən, 20 gün əvvəl yeraltı yollarda sınaq əməliyyatları başlandı. Müəssisənin bütün xidmət və bölmələrinin praktik sınağı və qarşılıqlı əlaqəsinin, qatarları idarə etmək və xətləri öyrənmək üzrə maşinistlərin vərdişlər əldə etməsinin əsası qoyuldu. Həqiqətən, məhz həmin gün – 1967-ci il oktyabrın 16-da Bakı metropoliteni və “Bakıtuneltikinti” kimi böyük kollektivlər Azərbaycan xalqına inamla məlumat verə bildilər ki, respublikanın paytaxtı olan Bakının metro kimi müasir şəhər nəqliyyatı var.
R.Minulin deyir ki, sınaq qatarının xəttə buraxıldığı gün onun qismətinə elektrik deposunun növbətçisi vəzifəsini yerinə yetirmək düşüb:
Qeyd edim ki, sonradan depo ərazisində işləyənlər üçün həmin yolda kiçik platforma inşa edilmişdi. İlk qatarın idarə olunması Şternin müşayiəti ilə Nağı Nağıyevə və Georgi Semyonova həvalə edilmişdi. Həmin günü heç vaxt unuda bilmirəm. İlk qatarın buraxılışı üzrə qərargahın sədri, metropolitenin baş mühəndisi Cəbrayıl Hacıyevdən yüksək gərginliyin verilməsindən ötrü cərəyan açarlarının qoşulması barədə telefonla şifahi əmr aldım. Ucadandanışan radiorabitə vasitəsilə “Ehtiyatlı olun, bütün depo yolları yüksək gərginlik altındadır!” xəbərdarlığı depo yollarından portala qədər bütün ərazini bürüdü. Saat 4:51 dəqiqədə gərginlik verildi. Starta hazırlanmış sınaq qatarı gecənin zülmətini yarmağa başladığı anda, "Ura, ura" sədaları göyə ucaldı, hamı sevincindən bir-birini qucaqlayıb öpür, təbrik edirdi.
O vaxt hələ stansiyalarda tamamlama işləri tam başa çatdırılmamışdı. Qatar “Bakı Soveti” (indiki “İçərişəhər”) stansiyasına çatanda hava təzəcə işıqlanırdı. Bakının küçələrində artıq gediş-gəliş başlanmışdı. Səhər-səhər işə yollananlar bu gecə şəhərin altında bir tarix yazıldığından xəbərsiz idilər.
Bu fərəhli hadisədən bir neçə saat əvvəl xəttin sınaq yoxlamasına hazırlığının vəziyyəti ilə tanış olmaq üçün elektrik deposuna “Nəriman Nərimanov” stansiyasından avtodrezində Bakı metropoliteninin ilk rəisi Lütfəli Cahangir oğlu Nuriyev və “Bakıtuneltikinti”nin rəisi Əlövsət İbrahim oğlu Əbdülrəhimov 13-cü qanova gəldilər:
- İndiki kimi yadımdadır, metropolitenin sabiq rəisi L.Nuriyev ilk sınaq qatarının təhlükəsiz marşrutunun təşkili ilə əlaqədar lazımi nəzarətin olması barədə bir çox xidmətlərin rəislərinə ciddi iradlar tutdu.
Həmkarlar ittifaqının sədri kimi uğurlu layihələr icra edib
Yəqin oxucularımızdan həmin günləri xatırlayanlar da olacaq. Bakı-Moskva qatarı ilə metropolitençi balalarımızı Moskva metropoliteninin pioner düşərgəsinə 20 günlük istirahətə yolladıq. Yay fəsli ərzində bu cür tur 4 dəfə təşkil olundu. Moskvalıların balaları burada, Xəzərin sahilində dincəlməyə gəldilər. Təsəvvür edin, məsuliyyətli olduğu qədər məmnunluq hissi yaradan bu layihəni problemsiz icra etdik. Həmçinin işçilərimizin mənzil problemi məsələlərinin həllində də həmkarların sədri olaraq yaxından iştirak edirdim, yeni mənzil alanların sevinc dolu siması bizdə belə bir inam yaradırdı ki, bu xeyirxah ənənə gələcəkdə də davam edəcək.
“Müəssisələr arasında metropolitençilər qabaqcıllar sırasında idi”
- Böyük vətən müharibəsi illərində gənc mühəndis, dəmiryol nəqliyyatının dərin bilikli mütəxəssisi Lütfəli Nuriyev Bakının neft və neft məhsulları doldurulmuş dəmiryol sisternlərini Xəzər dənizi vasitəsi ilə cəbhəyə bütün dünya sivilizasiyasının düşməni alman faşizmilə mübarizə üçün göndərilməsi əməliyyatının təşkilində yaxından iştirak etmişdi. 1966-cı ilin oktyabrından 1967-ci il oktyabrın 16-dək Bakı metropolitenində yüksək istehsalat mədəniyyəti olan böyük nəqliyyat müəssisəsinin vahid və sarsılmaz mexanizminin yaradılması və onun özülünün qoyulmasında L.Nuriyevin zəhməti böyükdür. Ölkədə müəssisələr arasında metropolitençilər qabaqcıllar sırasında olmuşdu və biz veteranlar bu gün də bununla öyünürük.
“Metroda tanış olub ailə qurmuşuq”
İlk günlərdən iş canımıza elə hopmuşdu ki, yarımçıq qoyub evə getmək belə istəmirdik. Kollektivdə belə yüksək əmək coşqunluğu var idi. Sərnişinlərimiz nəhəng nəqliyyat müəssisəsinin işini təmin edən hər şeyi görə bilmirlər. Bu da məlum məsələdir. Dəqiq intervalla işləyən metromuzun qulluğunda böyük və nizamlı bir kollektiv dayanır. Uzun illər xidmətin dispetçeri kimi çalışmışam. Xidmətin veteranlarından O.Səlimovun, S.Əliyevin, S.Gözəlovun, S.Moiseyevin, T.Cəbrayılov və bir çoxlarının səyi nəticəsində metropolitenimizin yeraltı yollarının İMB və rabitə sisteminin özülü qoyulub.
1967-ci ildən əmək həyatlarını metropolitenə həsr edən bu xoşbəxt metropolitençi cütlüyün maraqlı söhbətləri sanki bitib-tükənməz idi. Xatirə xatirəyə calanırdı. Lakin, ən əsası, belə söhbətlər hələ davamlı olacaq. Çünki, onlar indi də doğma kollektivləri ilə görüşür və xatirələrini paylaşırlar. Metro belə bir sirli aləmə və metropolitençi məktəbinə çevrilib, insanları bir-birinə belə bağlayıb.