25 DEKABR / 2017 / 00:00
Metalların elektrik-kimyəvi aşınmaya yer altında daha kəskin şəkildə məruz qalması bütün yeraltı qurğular kimi, metropoliteni də bu prosesə qarşı mübarizə tədbirləri ilə silahlanmağa məcbur edir. Metronun layihələşdirilməsi zamanı tunellərin aqressivliyi daha aşağı olan torpaq qatlarından salınması qarşıya qoyulan ən vacib məsələlərdən biri idi.
Buna görə də layihə işlərindən əvvəl xətlərin keçəcəyi ərazilərdə torpaq qatının və aqressiv suların kimyəvi-bioloji təhlilləri aparılır və ən münasib olan sahələr seçilir. Bakıda metro xətlərinin salınması üçün aparılan hidro-geoloji təhlillər nəticəsində müəyyən edilən sahələr tikinti prosesində və sonradan yolların istismarı dövründə metropolitençiləri böyük çətinliklər qarşısında qoymamalı idi. Deməli, korroziya ilə mübarizə tunel və oradakı qurğuları, avadanlıqları saxlamağın ən başlıca və daim yeniləşməyi tələb edən yolu idi. |
|
Elə buna görə də korroziya laboratoriyası metronun yarandığı ilk illərdən fəaliyyətə başladı.
|
Tuneldaxili qurğular və avadanlıqlarda korroziyanın bütün növləri ilə mübarizənin mənimsənilməsi və yeni üsulların tapılması üçün belə laboratoriya metropolitenlərin istismarı təcrübəsində ilk dəfə Bakı metropolitenində yarandı. Laboratoriya korroziya ilə bağlı bütün problemləri kompleks şəkildə həll etmək vəzifəsini yerinə yetirməklə yanaşı, metal konstruksiyaların mühafizəsi üçün yeni vasitələrin axtarışı və istehsalata tətbiqi ilə məşğul olurdu. Bakı metropolitenində aparılan elmi-texniki və praktik fəaliyyət tezliklə başqa metropolitenlərin də diqqət obyektinə çevrildi. |
1970-ci ildə metropolitenlərin korroziya məsələləri üzrə Ümumittifaq konfransının Bakıya salınması da təsadüfi deyildi.
Bakı metrosunda aparılan korroziya ilə mübarizə tədbirləri və tədqiqat işlərinin əsas müəlliflərindən biri, 1978-ci ildən 1987-ci ilə kimi laboratoriyaya rəhbərlik etmiş Namiq Əzizovdur. Namiq müəllim uzun müddət metrodan ayrılıb, respublika mətbuatında çalışıb. Hazırda sıravi pensiyaçı həyatını yaşayır. Metropolitenlə, korroziya ilə bağlı xatirələrini də korroziyadan qoruya bilib:
- Doqquz il peşəkar kimyaçı kimi, laboratoriyanın işinə rəhbərlik etmişəm. 1979-cu ildə SSRİ Yollar Nazirliyi Baş Metropolitenlər İdarəsi kollegiyasının qərarı ilə bizim laboratoriya ölkə metropolitenləri sistemində baş laboratoriya kimi təsdiq edildi. O vaxtdan başlayaraq, Ümumittifaq Elmi-Tədqiqat Dəmir Yolu Nəqliyyatı İnstitutu və Ümumittifaq Gigiyena İnstitutunun bütün elmi-tədqiqat işləri bizim laboratoriyanın iştirakı ilə aparılır, nailiyyətlərin təcrübə sınaqları da tunellərimizdə həyata keçirilirdi. |
|
Elmi-tədqiqatlar təcrübədə təsdiq edildikdən sonra, başqa metropolitenlərdə tətbiq olunmaq üçün tövsiyə edilirdi. Çuqun tübinqlərin, metal konstruksiyaların və sərnişin qatarlarının, tunellərin dəmir-beton tunel örtüyünün, eləcə də metro konstruksiyalarının və qurğularının azmış cərəyanlarının yaratdığı korroziyadan mühafizəsi üçün hidroizolyasiya üzrə texnoloji proseslərin tətbiqi barədə tövsiyələr kompleksini hazırladıq. Metropolitenin sabiq rəisi İ.A.Xankişiyevlə birlikdə hazırladığımız "Korroziya əleyhinə mastika" (1982-ci il) 1007419 №-li müəlliflik şəhadətnaməsi ilə təsdiq olunmaqla SSRİ Yollar Nazirliyinin normativ sənədlərinin 32.23-82 saylı sahə standartında əksini tapdı. Eləcə də, "Tunel qurğularının metal konstruksiyaları, Korroziyadan mühafizə, "Texniki şərait" (müəlliflər- Bakı metropoliteninin baş mühəndisi Ç.M.Rufullayev və laboratoriya rəisi N.K.Əzizov), "Metropoliten qurğularının, konstruksiyalarının və avadanlıqlarının azmış cərəyanların yaratdığı korroziyadan mühafizəsi" ("Transport", Moskva, 1982-ci il, hazırlayanlar N.K.Əzizov, V.P. Denisenko, İ.B.Rafailov) mövzusunda elmi araşdırmaların nəticələri metropolitenlər şəbəkəsində yüksək qiymətləndirildi.
|
Bakı metropoliteninin korroziyadan mühafizəsi üzrə elmi-tədqiqat və təcrübə işlərinin nəticələri "Metrostroy", "Nəqliyyat tikintisi", "Yol və yol təsərrüfatı" jurnallarında, "Ekspres-informasiya"nın "Metropolitenlər" seriyasında dərc edildi. Bu tədqiqatlarda qaldırılan məsələlər 1979-cu ildə Qorki şəhərində «Pas üzərində rəng işləri» mövzusunda keçirilən Ümumittifaq elmi-texniki seminarda, "SSRİ metropolitenlərində sərnişindaşıma prosesinin təkmilləşdirilməsi və texniki vasitələr" Ümumittifaq elmi-texniki konfransda (Moskva, 1981), "Kommunikasiyaların və metal konstruksiyaların mühafizəsində tətbiq edilən boya maddələri" Ümumittifaq elmi-texniki müşavirədə (Bakı, 1981-ci il) çıxışların əsas mövzularına çevrildi. |
1982-ci ildə laboratoriyanın elmi-tədqiqat işləri Moskvada Xalq təsərrüfatı nailiyyətləri sərgisində nümayiş etdirildi. Namiq Əzizov həmin sərgidə bürünc medala və "SSRİ ixtiraçısı" nişanına layiq görüldü.
Namiq müəllim bu gün metropolitendə korroziya ilə mübarizə işinin uğurla davam etdiyindən xəbərdar olduğunu bildirdi: “Sevindirici haldır ki, bu gün də korroziyadan mühafizə sahəsində tədqiqat işləri davam edir. Metronun 50 illik yubiley tədbirlərində iştirak edərkən, bu barədə maraqlı xəbərlər eşitdim. Metropolitendə metroloji təminat və diaqnostika mərkəzinin yarandığını da orada öyrəndim. Çox istərdim ki, hər şeyi öz gözümlə görüm, bütün eşitdiklərim mənə möcüzə kimi göründü”. |
|
Biz Namiq müəllimə bu imkanı yaratdıq. Onu özümüzlə 30 il bundan əvvəl ayrıldığı "Nərimanov" elektrik deposuna apardıq. Əlbəttə, burada onun üçün çox şey dəyişmişdi. Namiq müəllim ilk növbədə korroziya laboratoriyasına baş çəkmək istədiyini bildirdi.
|
Oradakı yeni heyətlə söhbət etdi. Metroda korroziya ilə mübarizənin hazırkı vəziyyəti barədə söhbətlər diaqnostika və metroloji təminat mərkəzinin diaqnostika kompleksində davam etdi. Mərkəzin işçiləri kompleksin bütün imkanları barədə ona açıqlamalar verdilər, bəzi proseslərin gedişini kompüterdə əyani şəkildə nümayiş etdirdilər. Mərkəzin rəisi Ebazer Arslanbekov kompleksin yaranma tarixi, qısa müddətli fəaliyyəti dövründə burada elmi səviyyədə aparılan tədqiqat işləri və onların istehsalatda tətbiqi barədə məlumat verdi. |
Bu işlərin MDB metropolitenlərində böyük marağa səbəb olduğu qeyd edildi. Danışılanları maraqla dinləyən qonaq: "Bütün bunlar, həqiqətən də, möcüzə imiş", - dedi.
Göstərilən platformalarda paylaş :