z
25 DEKABR / 2017 / 00:00
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə “Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq, ilin son sosial layihələrini gerçəkləşdirəcək.
Yeni ilin gəlişi və bayram ab-havası artıq metronun stansiyalarında hiss olunur. Belə ki, “Elmlər Akademiyası”, “28 May”, “Koroğlu”, “İçərişəhər”, həmçinin Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyalarının vestibüllərində Yeni ilin rəmzi olan bəzədilmiş işıqlı şam ağacları quraşdırılıb və monitorlarda bayram təbrikləri yerləşdirilib.
Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız, ənənəsinə sadiq qalaraq, dekabrın 30-u metronun azyaşlı sərnişinlərinə - uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar təqdim edəcək. Həmçinin bayram günlərində sərnişinlərimizi daha bir sürpriz də gözləyir.
Bundan savayı, Yeni ilin astanasında və qədəmlərini qoyduğu ilk günlərdə sərnişinlərə gözəl ovqat bəxş etmək istəyən “Bakı Metropoliteni” QSC-nin növbəti sosial layihəsi də gerçəkləşəcək. Bu dəfə də stansiyalarda artıq ənənə halını almış musiqili proqram təşkil olunacaq. Dekabrın 30-31-i və yanvarın 1-2-si sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təqdim olunacaq.
Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:
- “İçərişəhər” stansiyası – saat 12:15 – 13:45
- “28 May” stansiyası – saat 13:15 – 14:45
- “Elmlər Akademiyası” stansiyası – 14:15 – 15:45
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – 15:15 – 16:45.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Dənizkənarı Milli parkda təşkil ediləcək bayram atəşfəşanlığı ilə əlaqədar Bakı metropoliteninin işi 1 saat uzadılıb. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə metropoliten gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
"Sahil" stansiyası əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar bağlı olduğundan, sərnişinlərin bayram tədbirindən sonra metropolitenin dənizkənarı bulvara yaxın olan "28 May" və "İçərişəhər" stansiyalarından istifadə etməsi tövsiyə olunur.