z
19 OKTYABR / 2024 / 09:51
Bakı metropoliteninin keçmiş rəisi, 1998-2014-cü illərdə kollektivə rəhbərlik etmiş Tağı Məhəmməd oğlu Əhmədov oktyabrın 18-də ömrünün 77-ci ilində vəfat edib.
1948-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olmuş Tağı Əhmədov 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki – Azərbaycan Texniki Universiteti), 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (indiki - Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirmişdi.
Bakı metropolitenində əmək fəaliyyətinə 1970-ci ildə Yol və tunel qurğuları xidmətinin fəhləsi kimi başlayıb, sonralar böyük usta, distansiya rəisi və Tunel qurğuları xidmətinin rəisi vəzifələrində çalışmışdı.
1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilmiş və 2014-cü ilə qədər bu vəzifədə işləmişdi.
2015-2021-ci illərdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub. 2021-ci ildən Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü idi.
2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, Texnika elmləri namizədi olan Tağı Əhmədov Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə Tağı Əhmədov “Şöhrət” və 2-ci dərəcəli “Əmək” ordenləri, Əməkdar mühəndis fəxri adı ilə təltif edilmişdi. “Fəxri dəmiryolçu” döş nişanı, akademik Yusif Məmmədəliyev adına medalla, “Qızıl Buta” müstəqil milli mükafatlarına da layiq görülüb.
Tağı Məhəmməd oğlu Əhmədovun xatirəsi Bakı metropolitençiləri və onu tanıyanlar üçün əziz olacaq.
Allah rəhmət eləsin!