z
18 OKTYABR / 2024 / 17:00
Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST Agentliyi) görüş keçirilib.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvlərinin, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi müzakirələrdə “Bakı Metropoliteni” QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin rəisi Nəriman Mantaşev və Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov iştirak ediblər.
Tədbirdə əvvəlcə komissiyanın fəaliyyəti və görülən işlər barədə məlumatlar təqdim olunub. “Yaşayış yeri və ətraf infrastrukturun ağlabatan uyğunlaşma şərtləri” mövzusunda müzakirələrdə metropoliten nümayəndələri Bakı metropolitenində əlçatanlığın təmin edilməsi istiqamətində əldə edilmiş nailiyyətlər, problemlər və qarşıdakı vəzifələrlə bağlı məlumat təqdim edərək, fikir mübadiləsi aparıblar.
İştirakçıların ictimai nəqliyyatın, o cümlədən Bakı metropoliteninin əlilliyi olan şəxslərə uyğunluğu, beynəlxalq standartların tətbiqi və onları maraqlandıran digər məsələlər ətrafında sualları cavablandırılıb.
Ekspertlərin rəy və təklifləri Komissiya üzvləri tərəfindən dinlənilib, müvafiq qeydlər aparılıb. Metropoliten nümayəndələri daim ictimai müzakirələrə açıq olduqlarını bildirib, rəy və təklifləri məmnuniyyətlə qəbul edilərək, müzakirələrin aparılacağını vurğulayıblar. Eyni zamanda komissiya çərçivəsində bundan sonrakı dövrdə qarşılıqlı əlaqələrin, mühüm məsələlərin həllində birgə səy göstərilməsinin də əhəmiyyətli rol oynayacağını qeyd ediblər.