z

“İçərişəhər” stansiyasında COP29-a dəstək məqsədi ilə sərgi açılıb

“İçərişəhər” stansiyasında COP29-a dəstək məqsədi ilə sərgi açılıb

22 OKTYABR / 2024 / 12:58

Bakı metropoliteninin “İçərişəhər” stansiyasında "İqlim böhranları: Didərginlik reallıqları" adlı foto sərgi açılıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi və “Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq çərçivəsində təşkil edilən bu sərginin məqsədi iqlim dəyişikliyinin qaçqın və köçkün icmalarına ağır təsirlərini nümayiş etdirmək və bu məsələ barədə məlumatlılığı artırmaqdır. Sərgidə Suriya, Myanmar, Banqladeş və Əfqanıstan kimi iqlim dəyişikliyinin ağır təsirlərinə məruz qalmış bölgələrdən olan insanların üzləşdikləri çətinlikləri və göstərdikləri dözümü əks etdirən real görüntülər nümayiş olunur.
Sərgi COP29-a hazırlıq kampaniyasının bir hissəsi kimi, iqlim tədbirlərinin təxirəsalınmaz olduğunu bir daha xatırladır, iqlimlə bağlı didərginlik probleminin insan meyarlarına təsirinə diqqəti yönəldərək, qlobal tədbirlər və həssas icmalara dəstək üçün çağırış edir.
Sərgi COP29 öncəsi və tədbir zamanı metro sərnişinləri, qonaqları iqlim dəyişikliyi və didərginliyin bir-biri ilə bağlılığı haqqında düşünməyə çağırır. Bu təşəbbüs Azərbaycanın qlobal iqlim dayanıqlılığı və humanitar fəaliyyət sahəsində dialoqu dəstəkləmək öhdəliyinə sadiq olduğunu da bir daha əyani göstərir.