z
20 YANVAR / 2018 / 00:00
Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 yanvar tarixinin 28-ci ildönümü, ölkəmizin hər yerində olduğu kimi, Bakı metropolitenində də qeyd olunur.
Həmin gecə səhərə qədər insanların köməyinə çataraq, böyük fədakarlıq nümayiş etdirmiş Bakı metropoliençiləri üçün bu gün hər il xüsusi qeyd olunan bir tarixdir.
Ənənəyə uyğun olaraq, gün ərzində bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə hüznlü musiqi parçaları və marşlar səsləndirilir, stansiyaya daxil olan qatarlarda verilən musiqi parçaları qatar maşinistinin elanı ilə əvəzlənib.
Ümumxalq Hüzn Günü ilə əlaqədar metropoliten gücləndirilmiş iş rejimində çalışır. Şəhidlər Xiyabanına yaxın yollar bağlı olduğundan sərnişinlərin daha çox istifadə etdiyi "Elmlər Akademiyası" stansiyasında müvafiq tədbirlər görülüb.
20 Yanvar gecəsinin tarixini adında, memarlıq tərtibatında yaşadan və o gecənin əsas hadisələrinin cərəyan etdiyi ərazidə yerləşən "20 Yanvar" stansiyasının plaftormasında isə, hər il olduğu kimi, güllərdən kompozisiya qurulub. Platformanın mərkəzində əsas elementi 8-guşəli ulduz olan və "Unutmadıq. Unutmayacağıq. 20 yanvar 1990" şüarı ilə əhatələnmiş ağ-qırmızı güllü çələng yerləşdirilib. Sütunlarının yuxarı hissəsinə hüzn əlamətini bildirən qara lentlərlə haşiyələnmiş tacşəkilli qərənfil çələngləri bağlanıb. Platformada metropoliten işçilərindən təşkil edilmiş fəxri qarovul dəstəsi düzülüb. Həmçinin stansiyanın vestibüllərində divarlar boyunca qırmızı qərənfil çələngləri qoyulub.
Saat 12:00-da ölkə ərazisində, həmçinin bütün yollarda və nəqliyyat vasitələrində olduğu kimi, metropolitenin stansiyalarında da qatarların fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçirilib. "Bakı Metropoliteni" QSC-nin rəhbər heyəti və kollektivin nümayəndələri anım mərasimini "20 Yanvar" stansiyasının platformasında sərnişinlərin əhatəsində qeyd ediblər.
* * *
Bu gün həmçinin “Bakı Metropoliteni” QSC-nin kollektivi faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, eləcə də onların arasnnda uyuyan metropolitençi şəhidlər İlqar Qarayev və Əflatun Kazımovun xatirəsini yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
20 Yanvar faciəsinin günahsız qurbanlarının və Azərbaycanın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.