z

Bakı metropoliteninin 57-ci ildönümünə həsr olunmuş tədbir

Bakı metropoliteninin 57-ci ildönümünə həsr olunmuş tədbir

06 NOYABR / 2024 / 13:37

“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzində kollektivin nümayəndələrinin iştirakı ilə Bakı metrosunun fəaliyyətə başlamasının 57-ci ildönümünə və metropolitençi gününə həsr olunmuş təntənəli mərasim keçirilib. Dövlət himni səsləndikdən sonra Ulu öndər Heydər Əliyevin, qəhrəman şəhidlərimizin və dünyasını dəyişmiş metropolitençilərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri açıq elan edən sədr Zaur Hüseynov Bakı metropoliteninin inkişafında Ümummilli liderin əvəzsiz rol oynadığını nəzərə çatdıraraq dünyanın ən nəhəng tədbiri olan COP29-u Azərbaycanın daha bir beynəlxalq uğuru və nüfuzunun göstəricisi kimi qeyd edib. Bu xüsusda Prezident İlham Əliyevin ölkəmizdə yaşıl enerji texnologiyalarının inkişafına verdiyi önəm və davamlı siyasətinin nəticələrindən danışıb. Yaşıl nəqliyyat kimi metropolitenə cənab Prezidentin verdiyi dəstəyi xüsusi qeyd edən Zaur Hüseynov ölkəmizə gətirilən 7 yeni qatarın yığılmasının məhz metropolitendə təşkilini tarixi hadisə kimi qiymətləndirib. Sədr bu qatarların sərnişinə xidmət keyfiyyətinin yüksəldilməsindəki rolunu vurğulayıb. O, bu xüsusda vaqonların təmirinin avtomatlaşdırılması kimi tarixi inqilabi rəqəmsallaşma yeniliyini, təkər cürlərinin yonulmasının innovativ, lakin təmir prosesinə sərf edilən vaxt baxımından xüsusi rolunu qeyd edib. 
İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi Əli Əliyev COP29 kimi böyük tədbirdə metropolitenin rolundan, gələn il baş tutacaq daha bir unikal layihə kimi dünya metropolitenlərini birləşdirəcək  “MetroConnect” sammitinin Bakıda keçirilməsindən, metronun inkişafında yeni texnologiyalara verilən önəmdən danışıb.
İstehsalat texniki şöbənin rəisi Namiq Yusubov 2024-cü ildə əldə olunmuş nailiyyətlər fonunda Zaur Hüseynovun qeyd etdiyi layihələrdən təkər cütlərinin yonulması və ən nəhəng layihələrdən biri kimi vaqonların təmirinin avtomatlaşdırılması prosesi barədə ətraflı məlumat verib. Bununla yanaşı, diaqnostika kompleksində yenidənqurma işləri, energetika sahəsində rəqəmsal həllərin və texnologiyaların genişləndirilmsi və bu xüsusda “28 May” yarımstansiyasının, dispetçer mərkəzində yeni idarəetmə sisteminin tətbiqi barədə də məlumatlar verib.
Təlim-tədris mərkəzinin rəisi Rüfət Qədəşov kadr siyasətinin tamamilə yenidən qurulmasını Səhmdar Cəmiyyətin 10 illik fəaliyyətinin ən bariz uğurları kimi dəyərləndirib. O, “Davamçılar” layihəsinin uğurları, “Təcrübəçi” layihəsinin yeni kadrlara açdığı yol və maşinist kurslarının yeni istiqamətlərindən geniş bəhs edib.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov bütün kollektivi daha bir uğur ilini şərəflə başa vurması münasibətilə təbrik edərək, son illərdə formalaşmış ənənəyə uyğun olaraq “İlin maşinisti” nominasiyası üzrə qalibi elan edib. Təcrübəli maşinist Anar Həsənova mükafat və müvafiq sertifikat təqdim edilib.
Tədbirin sonunda QSC sədri Zaur Hüseynov Bakı metropolitenində Ulu öndər Heydər Əliyevin gələcək nəsillərə tövsiyə etdiyi “Metro bizim müstəqil dövlətimizə keçmişdən çatmış mirasdır. Biz bunu qorumalıyıq, saxlamalıyıq, inkişaf etdirməliyik. Bu, bizim hamımızın vəzifəsidir” ifadəsini əsas gətirərək, bu günü həm də məsuliyyət hesabatı günü adlandırıb. Bu xüsusda o, daha bir uğur ili münasibətilə, eləcə də qarşıdan gələn bayramlar münasibətilə metropolitençiləri təbik edib və nümunəvi fəaliyyət naminə hər kəsin daha səylə çalışmasının vacibliyini vurğulayıb.