z

Metropolitendə təcrübə keçən tələbələrə sertifikatlar verilib

Metropolitendə təcrübə keçən tələbələrə sertifikatlar verilib

24 YANVAR / 2018 / 00:00

"Bakı Metropoliteni" QSC ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında kadr hazırlığı üzrə qarşılıqlı anlaşmaya əsasən, universitetin informasiya texnologiyaları və idarəetmə fakültəsinin metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasının III kurs tələbələri metropolitendə istehsalat təcrübəsini başa vurublar.
Yanvarın 23-ü idarə aparatının müşavirə otağında üç aylıq təcrübəni uğurla bitirən tələbələrə sertifikatların təqdim olunması mərasimi keçirilib. Qeydiyyatdan keçən 25 tələbədən təcrübə müddətində davamlı iştirak edən 18 nəfərinə sertifikatlar təqdim olunub.
Mərasimdə "Bakı Metropoliteni" QSC-nin insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, diaqnostika və metroloji təminat mərkəzinin rəisi Ebazer Arslanbekov, təlim-tədris mərkəzinin rəisi Fuad Tağızadə, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov və Dövlət Neft və Sənaye Universitetinin dosenti Rafiq Hacıyev iştirak ediblər.
Artıq ikinci ildir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri "Bakı Metropoliteni" QSC-nin diaqnostika və metroloji təminat mərkəzində istehsalat təcrübəsinə cəlb olunurlar. Tələbələrə metropolitenin hər bir sahəsi üzrə əyani şəkildə tanış olmaları, həmçinin ümumi təsəvvürlərinin formalaşması üçün müvafiq şərait yaradılıb. Onlar metropolitendə keçdikləri təcrübə prosesində metrologiyanın istehsalatdakı rolu ilə əyani şəkildə tanış olub, müəssisənin metroloji bazasının malik olduğu ən müasir cihazlarının praktikada istifadəsinin şahidi olub, bu cihazların tətbiqi üzrə təcrübə əldə ediblər.
Təcrübə kursunun müdavimləri bu müddət ərzində "Nərimanov" elektrik deposu, yol, eskalator, elektrik təchizatı, sanitariya qurğuları təsərrüfatları, dispetçer mərkəzləri, rels-qaynaq sahəsi, qatarların əsaslı təmiri sexi, gələcəkdə metropoliten yollarında tətbiq ediləcək bir çox yeniliklərin pilot layihəsinə çevrilmiş yeni inşa olunan qatarların sınaq yolu, metropolitenin "kiçik zavodu" da adlandırılan birləşmiş emalatxanalar, eləcə də dəmir-beton konstruksiyaları istehsalatı sahəsi ilə tanış olublar.
Təcrübə müddətində topladıqları bilikləri slayd və video çarxlar şəklində təqdim edən tələbələr onlara yaradılan şəraitdən məmnun qaldıqlarını və buna görə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda tələbələrə istehsalat təcrübəsini uğurla bitirdiklərini təsdiq edən sertifikatlar təqdim olunub və onlara bundan sonrakı həyatlarında uğurlar arzulanıb.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC ilə respublikanın üç ali təhsil müəssisəsi -Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında imzalanmış memorandumlara uyğun olaraq universitetlərin tələbələri metropoliten obyektlərində müvafiq sahələr üzrə mütəmadi təcrübələr keçirlər.