z

Bakı metropolitenində COP29 könüllüləri fəaliyyətə başlayıb

Bakı metropolitenində COP29 könüllüləri fəaliyyətə başlayıb

06 NOYABR / 2024 / 15:33

BMT-nin iqlim dəyişiklikləri konvensiyasının tərəfdaş ölkələrinin konfransı (COP29) dövründə Bakı metropolitenində könüllülər fəaliyyətə başlayıb. Bununla əlaqədar COP29 Əməliyyat Şirkətinin layihəsi əsasında seçilmiş 100 könüllü metropolitenin 10 stansiyasında xidmət göstərirlər.
Bununla əlaqədar bütün təşkilati məsələlər, o cümlədən könüllülərin təlim keçməsi və təlimatlandırılması prosesi təmin edilib. Bu layihənin həyata keçirilməsində əsas məqsəd sərnişin məmnunluğunu, habelə COP29 iştirakçılarının metro nəqliyyatından rahat və təhlükəsiz istifadə etməsini təmin etməkdir.
Könüllülər noyabr ayının 22-dək 10 metropoliten stansiyasında növbəli rejimdə fəaliyyət göstərəcəklər. Onlar “Koroğlu” ilə yanaşı, Qırmızı xəttin “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Nərimanov”, Yaşıl xəttin “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarında çalışacaqlar.
Könüllülər əcnəbi, eləcə də Bakı metropolitenindən az istifadə edən sərnişinlərə COP29 məkanlarına gediş-gəliş və digər faydalı və zəruri məlumatları təqdim edəcəklər. Onların əsas fəaliyyətinə Bakı metropolitenindən istifadə, o cümlədən sərnişinlərin vəzifələri, hüquqları və qadağalar, gediş haqqının əldə edilməsi və ödənilməsi, habelə digər qaydalar barədə zəruri məlumatların verilməsi daxildir. Bundan savayı, müraciət edənlərin paytaxtın zəngin mədəni irsi, xüsusən də stansiyalara yaxın məsafələrdə yerləşən tarixi-mədəni, sosial-ictimai yerlərə, asudə vaxtın təşkili mərkəzlərinə və s. istiqamətləndirmə vasitələri könüllü proqramının tərkib hissəsidir.
Könüllülərin daha səmərəli fəaliyyətini təmin etmək, həmçinin stansiyalara daxil olan sərnişinlərin onları daha rahat müəyyən edərək yaxınlaşması məqsədilə qeyd edilən stansiyalarda məlumat köşkləri yerləşdirilib.
Bütün dövr ərzində könüllülər metropoliten əməkdaşları ilə vahid komanda kimi çalışaraq, zəngin təcrübə toplayacaq və həmçinin onların metropolitenlə daha yaxından tanış olmasına, gələcək karyera yüksəlişində bu məlumatlardan istifadə etməsinə də şərait yaradılacaq.