z

Bakı metropolitenində COP29-a hazırlıqla əlaqədar mətbuat konfransı keçirilib

Bakı metropolitenində COP29-a hazırlıqla əlaqədar mətbuat konfransı keçirilib

06 NOYABR / 2024 / 09:46

Noyabrın 6-da Bakı metropoliteninin kütləvi tədbirlər zamanı əməliyyat planına uyğun olaraq, “Koroğlu” stansiyasında yaradılmış qərargahda media və ictimaiyyət nümayəndələri üçün mətbuat konfransı keçirilib.
Konfransda “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat İdarəsinin rəis müavini, Nazirliyin COP29 tədbiri çərçivəsində yaradılmış əməliyyat qərargahının rəhbəri polkovnik Ağəli Hüseynov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov çıxış edərək ötən dövr ərzində COP29-la əlaqədar görülmüş işlər və qarşıdakı müddətdə fəaliyyətin tənzimlənməsi, təşkilati məsələlər və yeniliklər barədə danışıblar.
Hidayət Məmmədov əvvəlcə metropolitençilərlə eyni gündə - noyabrın 6-da peşə bayramlarını qeyd edən televiziya və radio işçilərinə dərin təşəkkürünü ifadə edərək, qarşıdan gələn əzəmətli bayramlar münasibətilə də toplaşanları təbrik edib. O, COP29 ərəfəsində Bakı metropoliteni xətlərinə hər biri 5 vaqondan ibarət 7 qatarın xəttə buraxılması barədə məlumat verərək bildirdi ki, vaqonların tam komplektləşdirilərək yığılması məhz Bakı metropoliteninin bazasında təmin edilib. Bu məqsədlə Avropa istehsalçıları ilə 9 müqavilə imzalanıb. Digər uğurlardan bəhs edən Hidayət Məmmədov təkərlərin vaqon altından çıxarılmadan yonulması, depo şəraitində təmirin idarə edilməsi prosesinin tam avtomatlaşdırılması barədə məlumatları da təqdim edib.
Sədr müavini COP29-a hazırlıq dövründə görülmüş işlərə ətraflı toxunub. Son günlərdə isə bir sıra avtobus marşrutlarının tənzimlənməsi ilə əlaqədar “Ulduz” stansiyasında əlavə 4 turniketin, 2 “BakıKart” aparatının, 2 yeni nəzarətçi köşkünün quraşdırılmasını diqqətə çatdırıb, stansiyalarda tətbiq ediləcək nəzarət mexanizmlərindən danışıb.
O qeyd edib ki, noyabrın 11-13-də qeyri-iş günləri olsa da, Bakı metropoliteni adi iş günləri qrafikinə uyğun fəaliyyət göstərəcək və stansiyalar ənənə üzrə səhər saat 6:00-da deyil, 5:00-da sərnişinlərin girişinə açılacaq. Bakı metropoliteninin 10 stansiyasında COP29 Əməliyyat Şirkəti tərəfindən seçilmiş 80-dən artıq könüllü fəaliyyət göstərir. Metropolitendə qərargahlar fəaliyyətə başlayıb və kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, “Koroğlu” stansiyasındakı qərargahda DİN, FHN, TƏBİB üçün müvafiq şərait yaradılıb.
Ağəli Hüseynov qeyd edib ki, birgə tədbirlər planı hazırlanıb və ilin əvvəlindən icra olunub. O bildirib ki, metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib. 900 metropoliten əməkdaşı yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılıb. 10 ay ərzində 9 stansiyada birgə taktiki-xüsusi təlimləri keçirilib. COP29 tədbiri ilə əlaqədar olaraq "Koroğlu" stansiyası ilə yanaşı, "Ulduz" və "Xətai" stansiyalarında qərargahlar yaradılıb və nazirliyin əməkdaşlarının xidməti təşkil edilib.
Elçin Əmirov bildirib ki, Bakı metropoliteni ilə qarşılıqlı əməkdaşlıq və COP29-la bağlı tədbirlər çərçivəsində “Koroğlu", "28 May", "Elmlər Akademiyası" metro stansiyalarında tibb məntəqələri təşkil edilib. Əsas məqsəd səhiyyə xidmətinin daha əlçatan olmasını təmin etməkdir. O qeyd edib ki, COP29-la əlaqədar 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb və Bakı metropolitenində olduğu kimi, digər tibb məntəqələri də lazımi bütün avadanlıqlarla təmin olunub.
Daha sonra jurnalistlərin sualları cavablandırılıb. Hidayət Məmmədov akkreditasiya vəsiqəsi olan şəxslərə noyabrın 5-dən Bakı metropolitenindən güzəştli istifadə şərtlərinin tətbiq olunduğunu təsdiq edərək, həmin şəxslərin yalnız müvafiq sənədi təqdim etdikdən sonra metropolitenə ödənişsiz daxil ola biləcəyini deyib. O qeyd edib ki, bununla bağlı nümunə formaları COP29 Əməliyyat Şirkəti tərəfindən təqdim edilib və bütün buraxılış məntəqələrinə yerləşdirilib. İş rejimi ilə bağlı əlavə suala cavab verən Hidayət Məmmədov 8-10 noyabr tarixlərində istirahət günü olması nəzərə alınaraq, qatarların hərəkətinin “28 May-Həzi Aslanov” sahəsində, əsasən, 2 dəqiqə 30 saniyə olmaqla tənzimlənəcəyini, lakin ehtiyat qatarlar nəzərə alınmaqla, daha sıx hərəkətin təşkil edilə biləcəyini bildirdi. O, stansiyaların gecə saatlarında saat 00:00-da girişə bağlanacağını deyərək, “Koroğlu” stansiyası üçün 5-10 dəqiqəlik istisna edilə biləcəyini də diqqətə çatdırıb.
Ağəli Hüseynov operativ qərargahlarda işlərin qurulması, paytaxtda fövqəladə hallar üçün operativ hazırlıq planı, Elçin Əmirov tibbi məntəqələrə cəlb edilmiş personalın sayı, onların iş rejimi, həmçinin Bakı metropolitenində quraşdırılan tibb məntəqələrinin fəaliyyət zonaları barədə sualları cavablandırıblar.