z
04 YANVAR / 2025 / 16:39
3 yanvar 2025-ci il tarixində saat 19:25-də “Xətai” stansiyasında sərnişinin eskalatorun “Stop” açarını sıxması nəticəsində eskalator dayanmış və qarşısında sıxlıq yaranmışdır.
Hadisə ilə bağlı videogörüntülər sosial mediada geniş yayılmış və müzakirələrə səbəb olmuşdur.
Eskalatorun dayanması səbəbini müəyyən etmək məqsədilə dərhal idarəetmə panelinə baxış keçirilmişdir. Baxış nəticəsində texniki problem olmadığı, dayanmanın “Stop” açarının sıxılması səbəbindən baş verdiyi müəyyən edilmişdir. Daha sonra eskalatorun fəaliyyəti bərpa olunmuşdur. Qeyd edilməlidir ki, “Stop” açarı fövqəladə hallarda, təcili və təxirəsalınmaz zərurət olduqda, eskalatorun dayandırılmasını təmin edir.
Hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması və tədbirlərin görülməsi üçün Bakı Metropolitenində Polis İdarəsinə müraciət edilmişdir. Xatırladırıq ki, “Stop” düyməsinin əsassız sıxılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə uyğun olaraq məsuliyyət yaradır.
Sərnişinlərdən rica edirik ki, eskalatorlarda təhlükəsizlik, istifadə qaydalarına və tələblərinə zidd olan hallara yol verməsinlər, uşaqlara nəzarət etsinlər. Eskalatordan düzgün istifadə olunmazsa, bu, sərnişin təhlükəsizliyinə ciddi təhlükə mənbəyinə çevrilə bilər. Bir sərnişinin yanlışlığı onun özünün, eləcə də ətrafında olan digər sərnişinlərin narahatlığını, xəsarət almasını və digər bədbəxt hadisələrin baş verməsini qaçılmaz edə bilər.
Həmçinin bildiririk ki, eskalatora tullantı atmaq, sürahini çıxarmaq və onun üstünə əşya qoymaq İnzibati Xətalar Məcəlləsinə görə müvafiq qaydada məsuliyyət yaradır.
Hər kəsi qaydalara əməl etməyə və Bakı metropoliteninin fasiləsiz fəaliyyətinə mane ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq.
Sərnişinlərimizin təhlükəsizliyi bizim üçün çox vacibdir.
Videomaterialla tanış olmaq üçün keçid: "Xətai" stansiyasında eskalatorun dayandırılması barədə