z
24 APREL / 2018 / 00:00
"Bakı Metropoliteni" QSC-də korporativ sosial məsuliyyət çərçivəsində daha bir aksiyaya start verilib. Metropolitendə çalışan işçilərin azyaşlı övladları və nəvələri üçün "Nərimanov" elektrik deposunda ekskursiyaların təşkilinə başlanılıb.
Bu aksiyanın həyata keçirilməsində məqsəd metropolitençi ailələrində böyüyən uşaqların təlim-tərbiyəsinə əyani nümunələrin təsirini artıraraq, onları valideynlərinin çalışdığı müəssisə ilə tanış etmək, valideyn əməyini dəyərləndirməyi öyrənmək, əməyə münasibətin formalaşması, istehsalatla, texnika və texnologiyalarla tanış olmasına, həmçinin müxtəlif peşələrə maraq yaratmaqdır. Bu amillər uşaqların gələcəkdə peşə seçiminə, karyera yüksəlişinə əhəmiyyətli təsir edə biləcək gücə malikdir.
Uşaqlar depoya ekskursiya çərçivəsində qatarların gecələməsi və təmir şəraiti, hərəkət tərkiblərinin idarə olunması, həmçinin gecə növbəsində əsas hərəkət vasitəsi olan təsərrüfat qatarlarının işi ilə yaxından tanış olublar. Uşaqlara qatarların təmiri ilə bağlı proseslər izah olunub, qatarların əsaslı təmiri sexində görülən işlər barədə maraqlı söhbət açılıb.
Onlara qatarların hərəkətinin idarə olunması üzrə yeni tikilən mərkəz barədə məlumat verilib. Qatar maşinistinin hazırlanması, biliklərinin artırılması və yoxlanmasında xüsusi rol oynayan trenajor uşaqların daha çox diqqətini çəkib. Onlar depo ərazisində yerləşən idman-sağlamlıq kompleksində, yeməkxanada yaradılmış şəraitlə də tanış olublar.
Sonda qonaqlara metropolitenin simvolik hədiyyələri təqdim olunub.
Ekskursiyanın əyləncəli xarakteri uşaqların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların dünya görüşünün genişlənməsinə, təfəkkürünü möhkəmləndirməyə əhəmiyyətli təsir edəcək.
Qeyd edək ki, metropolitençilərin azyaşlı övladları üçün bu ekskursiyalar mütəmadi təşkil ediləcək.