z

Ümummilli liderin əziz xatirəsi ehtiramla yad olunub

Ümummilli liderin əziz xatirəsi ehtiramla yad olunub

08 MAY / 2018 / 00:00

Bu gün “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində dahi lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib, Ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilib.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov toplantı iştirakçılarını salamlayaraq tədbiri açıq elan edib. Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra idarə heyətinin sədri 8 may - Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğal olunmasından 26 il ötdüyünü yad edərək, Şuşa şəhərinin işğalı və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımıza Allahdan rəhmət diləyib. Zaur Hüseynov Prezidentimiz və Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımızın, o cümlədən Qarabağın tacı Şuşa şəhərinin düşmən tapdağından azad ediləcəyinə əminliyini ifadə edib.
Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videofilm nümayiş olunub. Filmin nümayişindən sonra idarə heyətinin sədri qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi, respublikamızın bütün əmək kollektivlərində olduğu kimi, metropolitendə də daima ehtiramla yad edilir.
Tədbir çıxışçıların Ümummilli lider haqqında məruzələri ilə davam edib.
Tədbirə dəvət olunan tanınmış Azərbaycan yazıçısı, publisist, Milli Məclisin deputatı Elmira Axundova dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin hər sahəsinə ayırdığı xüsusi diqqət və qayğısından bəhs edib. Elmira Axundova Ümummilli lider Heydər Əliyev irsinin ən məhsuldar tədqiqatçılarından biri kimi Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən, Azərbaycan xalqı qarşısında misilsiz fəaliyyətindən, onunla bağlı xatirələrindən danışıb.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov çıxışında Heydər Əliyevi zəmanəmizin böyük filosofu, onun fəlsəfəsini isə sülh fəlsəfəsi olduğunu bildirib. Çünki Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı böyük ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, tarix memarıdır. Hidayət Məmmədov məhz Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə tikinti, nəqliyyat, rabitə, kənd təsərrüfatı və digər sahələrin yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu, həmçinin Bakıda metro tikintisinin sürətlə inkişaf etdiyini, həyatının son anlarına qədər yeraltı yolların inkişafı və istismarının Ulu öndərin nəzarəti altında olduğunu qeyd edib.
Daha sonra Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov məruzəsində Heydər Əliyevin çoxşaxəli şəxsiyyəti, böyük dövlət xadimi, siyasi və ictimai uzaqgörənliyi, Azərbaycan xalqı qarşısında misilsiz fəaliyyəti və həmkarlar təşkilatına göstərdiyi diqqət və qayğısından bəhs edib.
Sağlamlıq, əməyin təşkili və ətraf mühitin mühafizəsi şöbəsinin aparıcı mühəndisi Vüsal Əliyev çıxışda ümummilli lider Heydər Əliyevi ölkədə gedən demokratik islahatlara həmişə diqqət yetirdiyini, gənclərlə bağlı məsələləri öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini məruzə edib.
Tədbirin yekununda “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov çıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd edib. İdarə heyətinin sədri vurğulayıb ki, Ümummilli liderin respublikamızın inkişafına verdiyi töhfələr metropolitendə də daim hiss olunub və bu gün də Ulu öndərin əsasını qoyduğu diqqət və qayğının nəticəsidir ki, Bakı metropoliteni sürətlə inkişaf edir. Məhz Heydər Əliyevin rəhbərlik etdiyi illərdə metro tikintisində canlanma baş verib, yeni stansiyalar tikilib istifadəyə verilib.
Zaur Hüseynov yekun nitqində ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş və hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi və iqtisadi kursun möhkəmlənməsində metropoliten kollektivinin də öz sahəsində bütün qüvvə və imkanlarını səfərbər edəcəyinə əminliyini ifadə edib.