z
14 MAY / 2018 / 00:00
Mayın 13-də “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu üçüncü ildir ki, təşkil olunur. Builki marafonda 18 min nəfər, eləcə də, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər. Dövlət Bayrağı Meydanından start götürən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur. Qaçış məsafəsi 21 kilometr olan marafonun finiş xətti Bakı Olimpiya Stadionunda idi. Qaçışda Azərbaycanın Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrinin sakinləri də iştirak ediblər. Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri də bu maraqlı idman tədbirinə qoşulublar. İştirakçılar arasında dövlət rəsmiləri, eləcə də, İtaliya, Rusiya, Türkiyə, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Türkmənistan, Kolumbiya, BƏƏ, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də olublar.
Yarışın qalibləri 3 min, 2-ci yeri tutan 2 min, finişi 3-cü keçən qaçışçı isə min AZN pul mükafatı və hədiyyələrlə təltif olunublar.
Metropolitençiləri marafonda təmsil edən işarəvermə və rabitə xidmətinin elektrik mexaniki Sahib Əmənov, qatar maşinisti Əli Nəcəfov, eskalatorçular Emin Mirzəyev, Teymur Əliyev və tunel qurğuları xidmətinin texniki Namaz Namazov arasında ən yaxşı nəticəyə Əli Nəcəfov nail olub. O, marafonu 190-cı yerdə başa vurub. 18 min iştirakçı arasında bu, əlbəttə, uğurlu nailiyyət hesab olunmalıdır. Metropoliten İşçiləri Həmkarlar İttifaqı Ə.Nəcəfovu marafonda uğurlu çıxışına görə 200 manat pulla mükafatlandırıb.
Marafonun qalibi adına marşrutu 1 saat 6 dəqiqəyə qət edən Ukrayna vətəndaşı İqor Olefirenko layiq görülüb. Finişə iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü çatıb. Qadınlar arasında isə finiş xəttini türk Çelik Fadimə birinci, ukraynalı Valentina Poltavska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü keçiblər.
“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.