z
21 IYUL / 2018 / 00:00
"Bakı Biznes Mərkəzi"ndə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması nominasiyası üzrə müsabiqəyə yekun vurulub və 2017-ci ilin nəticələrinə əsasən, ən yaxşı müəssisələri elan edilib.
Təntənəli təqdimetmə mərasimində qeyd olunub ki, budəfəki respublika müsabiqəsinin yekunlarına görə, AHİK-in müsabiqə komissiyası 193-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 22 sahə həmkarlar ittifaqını təmsil edən müəssisələr arasından seçim edilib.
Ənənəvi Respublika müsabiqəsində iştirakçı müəssisələr arasında Metropoliten İşçiləri Həmkarlar İttifaqının namizədliyini irəli sürdüyü "Bakı Metropoliteni" QSC-nin struktur vahidlərindən biri olan dəmir-beton konstruksiyaları istehsalatı sahəsi də fərqlənib.
Mükafatı qalib gəlmiş sahənin rəhbəri Rəşad Yaqubova əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev təqdim edib.
Qeyd edək ki, dəmir-beton konstruksiyaları sahəsi metropolitenin ən nümunəvi, stansiya və tunellərin tikintisində böyük rol oynayan istehsalat sahələrindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Bakı Metropoliteni" QSC yaradıldıqdan sonra bu sahədə böyük quruculuq işləri aparılıb, bütün istehsalat sexləri müasir standartlar səviyyəsində yenidən qurulub. Beton, tübinq, beton blokların istehsalı sexlərində, mexaniki sahədə, istehsalat-sınaq laboratoriyasında dünyanın aparıcı şirkətlərinin istehsalı olan müvafiq avadanlıqlar quraşdırılıb. Sahə Avropanın tanınmış şirkətlərindən birinin iştirakı ilə 9001 (keyfiyyətli idarəetmə), 14001 (ətraf mühiti idarəetmə) və 18001 (əməyin mühafizəsi və təhlükəsizlik texnikası) İSO standartlarının hər biri üzrə müvafiq sertifikatlara sahibdir.
Sexdə həyata keçirilmiş son böyük nailiyyət Azərbaycanda ilk dəfə beton yarımşpal istehsalına başlanmasıdır. Almaniyanın «Vollert» şirkəti ilə əməkdaşlıq şəraitində inşa olunan sexdə istehsal olunan bu beton bloklar taxta şpallarla müqayisədə daha səmərəli, keyfiyyətli, qulluğu asan, mürəkkəb hidrogeoloji şəraitə davamlı və digər istismar keyfiyyətlərilə yanaşı, həm də uzunömürlüdür. Bu istehsal prosesi həm də gələcəkdə «Made in Azerbaijan» brendinə bir töhfə olacaq. Həmin bloklar, pilot layihə kimi inşa olunan, hərəkət qatarlarının sınaq yolunda tətbiq edilib. Bənövşəyi xəttin tikintisi davam edən «Memar Əcəmi» stansiyası ilə şərti adı «B-03» olan stansiyası arasındakı yolların cəkilməsində də bu bloklardan istifadə olunur.