z
29 YANVAR / 2026 / 17:01
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində Nanjin şəhərində bir sıra görüşlər keçirib.
Səfərin əsas məqsədi beynəlxalq təcrübənin öyrənilməsi və nəqliyyat sahəsində qabaqcıl yanaşmalarla tanışlıq olub. Bu istiqamətdə nümayəndə heyəti Nanjin Metropoliteninin İdarə Heyətinin sədri Yu Baiyong ilə görüşərək metropolitenin fəaliyyəti barədə fikir mübadiləsi aparıb. Bildirilib ki, Nanjin Metropoliteni 2005-ci ildə istifadəyə verilib və hazırda 14 xətt, 277 stansiya və 571 km-dən artıq infrastruktura malik olmaqla Çin Xalq Respublikasının beşinci ən böyük metro şəbəkəsidir.
Daha sonra tam avtomatik idarəetmə sistemi ilə təchiz olunmuş S7 xəttinin, eləcə də digər üç fərqli xəttin idarəetmə mərkəzləri ilə tanışlıq olub.
Bununla yanaşı, Nanjin şəhərində yerləşən CRRC Puzhen şirkətinin istehsal etdiyi qatarlar nümayəndə heyətinə təqdim edilib. Şirkətin baş icraçı direktoru Xu Haida istehsal prosesi və qatarların texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şirkət illik 2 min ədəd vaqon istehsal etmək gücünə malikdir.
Səfərin sonunda nəqliyyat sahəsində mühəndislik həlləri ilə tanınan JCTI şirkəti ilə görüş keçirilib. Görüş zamanı şirkətin şəhər hərəkətliliyi (urban mobility) sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib, həmçinin Bakı şəhərində metro və tramvay şəbəkələri üzrə mühəndislik həllərində iştirak etməyə maraqlı olduqları bildirilib.