z
05 NOYABR / 2018 / 00:00
MDB məkanı ölkələrinin “Metro” Beynəlxalq Assosiasiyasına üzv metropolitenlər və müəssisələrin baş mühəndislərinin texniki şurasının yığıncağı bu dəfə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. "ES- Servis" QSC və Peterburq metropoliteninin bazasında təşkil edilmiş müşavirədə “Bakı Metropoliteni” QSC-ni istismar üzrə baş mühəndisi Əlixan Osmanov təmsil edib.
Tədbirdə müasir metro vaqonları və eskalator kompleksləri əsas mövzu olub. Bu xüsusda vaqonlara dair müzakirələrdə asinxron mühərriklərini qidalandıran təmas relsi cərəyanının minimuma endirilməsinə geniş diqqət ayrılıb. Eskalatorların hazırlanması və istehsalı, elektrik mühərriklərinin yeni layihələri, təhlükəsizlik qaydaları, həmçinin digər norma və qaydalara edilən dəyişikliklər də müzakirə olunub.
Müşavirə iştirakçıları "ES- Servis" QSC-nin, "Çerqos" ASC-nin istehsalat sahələri, Peterburq metropoliteninin yeni stansiyaları və innovativ avadanlıqlarla tanış olublar.
“Bakı Metropoliteni” QSC-ni istismar üzrə baş mühəndisi Əlixan Osmanov qeyd edir ki, müşavirə iştirakçılarının baş çəkdiyi Peterburq metrosunun bu il istifadəyə verilmiş 5 yeni stansiyası (“Şuşarı”, "Novokrestovskaya", "Beqovaya", "Dunayski prospekt" və "Prospekt Slavı”) texnoloji innovasiyaların tətbiqi baxımından Bakı metropoliteninin Bənövşəyi xəttinin 2 stansiyası ilə eynilik təşkil edir.
Bakı metropolitenindən sonra sankt-peterburqlular da çoxfunksiyalı diaqnostika kompleksini istismara veriblər. Əlixan Osmanov bu kompleksin funksional cəhətdən və təchizat baxımından Bakı metropolitenində istifadə olunandan xeyli geri qaldığını deyir: "Bizim kompleks funksional imkanları baxımından Sankt-Peterburqdakı analoqundan ən azı 2 dəfə öndədir”.
Müşavirə iştirakçılarına təkər cütlərinin vaqonun altından çıxarılmadan yonulması, qatarların park yollarında döndərilməsi üçün istifadə edilən qurğu, yeni stansiyalarda quraşdırılan platforma qapıları da (PSD) nümayiş etdirilib. "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Sankt-Peterburqda təqdim olunan yeniliklər sırasında maşinistə nəzarət qurğusunu xüsusi qeyd edir: "Onu, şərti olaraq, maşinistin köməkçisi adlandırmaq olar. Bu qurğu qatarı idarə edən maşinistin səhhəti, psixoloji durumu barədə informasiyanı qatar dispetçerinə ötürür. Əlbəttə, təhlükəsizlik baxımından maraqlı yenilikdir".
Ümumiyyətlə, Əlixan Osmanov Sankt-Peterburq, eləcə də MDB məkanına daxil olan şəhərlərin yeraltı nəqliyyat müəssisələrində mühəndis fikrinin səviyyəsinə görə Bakı metropolitenin çoxlarından üstün olduğunu oktyabrın əvvəlində “Metro” Beynəlxalq Assosiasiyası üzvlərinin işarəvermə və rabitə mütəxəssislərinin Bakı müşavirəsində bir daha öz təsdiqini tapdığını vurğulayır. Peterburq müşavirəsi zamanı Bakı metropoliteni rəhbərliyinin həm təşkilatçılıq, həm də bu müşavirələrə, təcrübə mübadiləsinə verdiyi önəm, ən əsası, innovasiyaların tətbiqi baxımından əks-səda doğuran layihələri dəfələrlə xatırlanıb.
"Sankt-Peterburq toplantısı bir daha göstərdi ki, Bakıda metronun inkişafı, ən müasir texnoloji yeniliklərlə təmin olunması sahəsində istiqamət düzgün seçilib və bu yol uğurla davam etdirilir" deyən Əlixan Osmanov səfər qənaəti belədir ki, yeni – Bənövşəyi xətlə yanaşı, Yaşıl və Qırmızı xətlərdə də yeniləşmə tədbirlərinin davamlı aparılması yaxın illərdə Bakı metrosunun simasını, təhlükəsizlik standartlarını, xidmət səviyyəsini daha üstün səviyyəyə çıxaracağını deyir.