z
04 DEKABR / 2018 / 00:00
Təkcə metropolitenin deyil, eyni zamanda, cəmiyyətimizin müxtəlif aktual məsələlərinə sərnişinlərin diqqətini cəlb edən sosial aksiyaların davam kimı "Bakı Metropoliteni" QSC daha bir yeni layihəsini təqdim edir.
Dekabr ayı, ənənəyə görə, qış mövsümünün başlanğıcıdır. Qısa günlər, qaranlıq saatların uzun olması, yol hərəkəti iştirakçılarının - küçə və yolları keçən insanlarımızın, xüsusən də sürücülərin daha ayıq-sayıq olmasını tələb edir. Hər birimiz bu prosesin iştirakçısı kimi əsasən də qış dövründə belə vəziyyətlərlə üzləşirik. Neçə neçə insan həyatının təhlükəyə məruz qaldığının şahidi oluruq. Mövzunun aktuallığını nəzərə alaraq, "Bakı Metropoliteni" QSC bu aksiya ilə metro sərnişinlərinin diqqətini bu məsələyə yönəltmək istəyir və onu ictimailəşdirməklə daha geniş əks-səda doğuracağına ümid edir.
Dekabr ayının 6-da saat 14:00-da metronun "28 May" stansiyasında başlanacaq "İşıq saç, özünə yol aç" adlı aksiyaya bütün elektron və kütləvi informasiya vasitələrinin nümayəndələrini dəvət edir və onları fəal olmağa çağırırıq.
Aksiya zamanı sərnişinlərə xüsusi işıq reflektorlu qolbağılar paylanaraq, mövzu ilə bağlı maarifləndirici söhbətlər aparılacaq, dünya təcrübəsindəki nümunələr barədə məlumat veriləcək.
Aksiyada yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da iştirak edərək, sərnişinlərə öz tövsiylərini verəcək.
Media təmsilçilərimizi, nəqliyyat üzrə mütəxəssisləri bu könüllü maarifləndirici və həvəsləndirici aksiyanın fəal üzvü olmağa, aksiya ilə bağlı fikirlərini paylaşmaqla, bütün imkanları vasitəsilə bu təbliğat kampaniyasına fəal dəstək verməyə çağırırıq.
İnanırıq ki, birgə səyimiz bu aksiyanın insanlarımız arasında daha geniş yayılmasına, gələcəkdə aidiyyatı dövlət strukturları və ictimai qurumların da iştirakı və dəstəyi, həmçinin fərdi təşəbbüslər vasitəsilə xüsusi əhəmiyyət kəsb edən bu ideyanın və təbliğatın genişlənməsinə təkan verəcək.
Fəal olaq, dəstək verək, mövzunu diqqətdən kənar qoymayaq!