z
19 DEKABR / 2018 / 00:00
“Bakı Metropoliteni”QSC- nin müxtəlif mövzularda davamlı şəkildə keçirdiyi sosial layihələrdə yaradıcı insanlara, əsasən də gənc istedadlara dəstək aksiyaları xüsusi yer tutur. Bu mənada, yeni il ərəfəsində metropolitençilər sərnişinlərini əhəmiyyətli daha bir layihə ilə sevindiriblər.
Dekabrın 18-i “İçərişəhər” stansiyasında yarmarka iştirakçılarına əl işlərini təqdim etmək üçün şərait yaradılıb. İstedadlı iştirakçılar onlara ayrılmış masalarda əl işlərini nümayiş etdirməklə öz yaradıcılıq potensiallarını ictimailəşdirmək imkanı əldə etmişlər. Onlara ayrılmış 30 guşədə 40 nəfər iştirakçının əl işləri, o cümlədən, toxuma, boyama, kristallaşdırılmış güllərdən, qiymətli daşlardan hazırlanan bəzək aksesuarları metropoliten sərnişinlərinin marağına səbəb olub.
Əsl yeni il ab-havalı yarmarkada sərgilənən yaradıcılıq nümunələrinin əksəriyyəti də bayrama həsr edilib. Aksiya şəhərimizin qonaqlarının da marağına səbəb olub. Yarmarkanın təşkilatçısı xidmət şöbəsinin rəisi Lalə Babayeva təmənnasız təşkil edilən yeni il ovqatlı yarmarkanın sərnişinlərdə yüksək əhval-ruhiyyə yaratdığını bildirib.
Qeyd edək ki, yarmarkanın təşkilinin əsas məqsədi gənc istedadlara yaradıcılıq potensiallarını nümayiş etdirməkdə dəstək olmaq, əməklərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaq olub.