z
20 DEKABR / 2018 / 00:00
“Bakı Metropoliteni” QSC ilk dəfə olaraq Azərbaycan Milli İncəsənət Muzeyi ilə birgə “MetroGallery ” layihəsi çərçivəsində sosialyönümlü ənənəvi layihələrindən daha birini həyata keçirib. Dekabrın 20-də “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Nəriman Nərimanov” stansiyasının keçidlərində “Azərbaycanın görkəmli rəssamları” adlı sərgi fəaliyyətə başlayıb.
Məqsəd keçidlərdən istifadə edənləri, eləcə də sənətsevərləri Azərbaycanın təsviri sənət antalogiyasından 85 boyakarlıq və qrafik əsər ilə yaxından tanış etməkdir.
Altı ay müddətində davam edəcək sərgidə metro sərnişinlərinə Azərbaycanın rəssamlıq tarixində önəmli yer tutan Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Çingiz Fərzəliyev və başqa fırça ustalarının yaradıcılığından nümunələr təqdim olunacaq.
Sərginin açılışında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov, "Bakı Metropoliteni" QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, Milli İncəsənət Muzeyinin innovasiya şöbəsinin rəisi Səbinə Ağamirova, İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin rəhbəri Rafael Gülməmmədli iştirak ediblər.
Sərgini açıq elan edən Bəxtiyar Məmmədov bu layihənin "Bakı Metropoliteni" QSC-nin Milli İncəsənət Muzeyi ilə əməkdaşlığının ilk ictimai töhfəsi olduğunu iştirakçıların diqqətinə çatdıraraq, milli incəsənətimizin incəliklərinin təbliğinin genişləndirilməsində bu sərginin böyük rol oynayacağını qeyd edib. O, bildirib ki, əsərlərlə ətraflı tanışlığı sərgini tərk etdikdən sonra da şəkil üzərindəki kod vasitəsi ilə virtual şəkildə izləmək mümkündür. Bunun üçün smartfon və planşetlərə “QR-code” proqramını yükləmək lazımdır.
Muzeyin innovasiya şöbəsinin rəisi Səbinə Ağamirova bildirdi ki, sərgidə muzeyin kolleksiyasından XVII əsrdən günümüzə qədərki dövrə aid əsərlər təqdim olunub. Bu dəfə metropolitenlə əməkdaşlıq sayəsində bu nadir sənət inciləri ilə bir məkanda tanış olmağın əla fürsət olduğunu qeyd edərək, incəsənət üçün metroya enənlərin daha çox olacağından əminliyini ifadə etdi.
İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin rəhbəri Rafael Gülməmmədli ölkədə mədəniyyətin günü-gündən daha da inkişaf etdiyini və bu zəmində, layihənin əsas məqsədinin Azərbaycanın görkəmli rəssamlarının əvəzolunmaz sənət dünyası ilə paytaxt sakinlərini və şəhərimizin qonaqlarını yaxından tanış etmək olduğunu söyləyib, təşkilatçılara təşəkkürünü bildirdi.
Daha sonra açılış mərasimi iştirakçılarının sərgi ilə tanışlığı başlandı.
Sərginin daha bir özəlliyi muzey bələdçilərinin hər kəsi maraqlandıran mövzulara peşəkarcasına yanaşması idi. Bələdçilər Səbinə Məlikova, Nərgiz Ramazanova, Vəsilə Qəhrəmanova əvvəlcə sərgi iştirakçılarına Azərbaycan rəssamları, onların sənət dünyası barədə ətraflı məlumat verərək, nümayiş etdirilən əsərlər haqqında iştirakçıların suallarını cavablandırıblar.