z
20 YANVAR / 2019 / 00:00
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, Bakı metropolitenində də şəhidlərin ruhu dərin ehtiramla yad olunur.
Bu il də Ümumxalq Hüzn Günündə bütün stansiyalarda mərkəzləşmiş radio qovşağı ilə hüznlü musiqi parçaları və marşlar gün ərzində səsləndirilərək, stansiyaya daxil olan qatarlarda musiqi parçaları deyil, maşinist elanı verilir.
Metropoliten gücləndirilmiş iş rejimində çalışır, Şəhidlər Xiyabanı ətrafı yollar bağlı olduğundan sərnişinlərin daha çox istifadə etdiyi "Elmlər Akademiyası" stansiyasında güclü sərnişin axınını qəbul etmək üçün müvafiq tədbirlər görülüb.
Qanlı tarixi öz adında, memarlıq tərtibatında yaşadan və həmin gecənin əsas hadisələrinə şahidlik etmiş ərazidə yerləşən "20 Yanvar" stansiyasının platformasında isə, güllərdən kompozisiya qurulub. Platformanın mərkəzində əsas elementi səkkizguşəli ulduz olan və "Unutmadıq. Unutmayacağıq. 20 yanvar 1990" sözləri ilə əhatələnmiş ağ-qırmızı güllü çələng yerləşdirilib. Sütunların yuxarı hissəsinə hüzn əlaməti olaraq qara lentlərlə haşiyələnmiş tacşəkilli qərənfil çələngləri bağlanıb. Turniket zalının divarları boyunca qırmızı qərənfil çələngləri qoyulub.
Saat 12:00-da ölkənin bütün yollarında nəqliyyat vasitələrinin o cümlədən, metropolitenin stansiyalarında qatarların fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçirilib. "Bakı Metropoliteni" QSC-nin rəhbər heyəti və kollektivinin nümayəndələri anım mərasimini "20 Yanvar" stansiyasının platformasında sərnişinlərin əhatəsində qeyd ediblər.
* * *
Bu gün həmçinin “Bakı Metropoliteni” QSC-nin kollektivi faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, eləcə də onların arasında uyuyan metropolitençi şəhidlər İlqar Qarayev və Əflatun Kazımovun xatirəsini yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
Yanvar faciəsinin günahsız qurbanlarının və Azərbaycanın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!