z
25 FEVRAL / 2019 / 00:00
“Bakı Metropoliteni” QSC-də Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Mərasim iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, dəhşətli faciənin bəşəriyyət tarixində ən amansız qətliamlardan biri olduğunu söyləyib. Erməni silahlı dəstələrinin dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirməsi, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını deyərək, faktları sadalayıb. O dəhşətli gecədə amansızlıqla divan tutulan dinc sakinlərdən 613 nəfəri qətlə yetirilib. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl sakin olub. Girov götürülən 1275 nəfərdən 150-sinin taleyi isə hələ də məlum deyil. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130-u valideynlərindən birini itirib.
QSC-nin sədr müavini Hidayət Məmmədov Xocalı soyqırımının, vəhşiliklərin heç zaman unudulmayacağını deyərək, ermənilərin məkrli əməllərinin beynəlxalq aləmdə qınaq obyektinə çevrilməsi üçün hər bir azərbaycanlının bütün varlığı ilə çalışmalı olduğunu deyib. "Azərbaycan xalqının işğal altındakı bütün torpaqları yağı düşməndən azad ediləcək, əzəli torpaqlarından didərgin düşmüş həmvətənlərimiz ata-baba yurdlarına qayıdacaqlar, lakin bu soyqırım unudulmamalıdır" deyən H.Məmmədov soyqırımın geniş ictimaiyyətə çatdırılması üçün ümummilli lider Heydər Əliyevin böyük əməyini xüsusi vurğulayıb, bunun hər azərbaycanlıya örnək adlandırıb. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinin nəzərinə çatdırılması məqsədi ilə işlərə başlanıb. Bu məsələdə Heydər Əliyev Fondunun, xüsusən də Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyası beynəlxalq səviyyədə bu soyqırımın tanıdılmasında xüsusi rol oynayır. İldən-ilə bu soyqırımı tanıyan ölkələrin siyahısı artmaqdadır.
Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. "Tək bir xalqa deyil, ümumən insanlıq əleyhinə törədilmiş son dərəcə ağır hərbi cinayətdir" deyən A.Mərdanov beynəlxalq miqyasda bu akta siyasi-hüquqi qiymətin verilməsində gənclərin rolunu xüsusi vurğulayıb və ictimai fəallığın vacibliyini qeyd edib.
Tədbirdə ürək sözünü deyənlər o müdhiş gecənin tariximizdə silinməz iz qoyduğunu və onun unudulmaması naminə hər bir kəsin fəallığının əhəmiyyətini vurğulayıblar.
"Bakı Metropoliteni" QSC bu soyqırım aktının, eləcə də düşmən işğalı altında olan torpaqlarımızla bağlı məlumatların metrodan istifadə edənlərin diqqətinə çatdırılmasında səyini əsirgəmir. Bu mənada stansiyaların keçid, vestibül və platformalarında, eləcə də elektron monitorlarda mütəmadi nümayiş etdirilən məlumatlar xüsusi qeyd oluna bilər.