z
19 APREL / 2019 / 00:00
Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü, Beynəlxalq Əmək Təşkilatının 100 illiyi ilə əlaqədar olaraq seminar keçirilib. Seminarda MİHİ sədri Arif Mərdanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir Muradov, “Bakı Metropoliteni” QSC-nin sağlamlıq, əməyin təşkili və ətraf mühitin mühafizəsi (SƏTƏMM) şöbəsinin rəisi Nəriman Mantaşev və həmkarlar ittifaqı yerli komitələrinin sədrləri iştirak ediblər.
MİHİ sədri Arif Mərdanov tədbir iştirakçılarını salamlayıb və son illərdə həyata keçirilən əməyin mühafizəsi sahəsində “Bakı Metropoliteni” QSC-də islahatlar haqqında danışıb. O, bildirib ki, bu məqsədlə yaradılan SƏTƏMM şöbəsi bilavasitə QSC sədrinə tabedir və bu gün şöbə,mütəmadi olaraq, növbəli və növbədənkənar yoxlamalar aparır. Bu işlərin nəticəsi olaraq bədbəxt hadisələrin qarşısı alınır. MİHİ-nin əməyin texniki müfəttişi Vüqar Mirzəyev çıxışında SƏTƏMM haqqında ümumi məlumat verib. Qeyd olunub ki, təhlükəsizlik mədəniyyəti işçilərin həyata olan baxışlarından, bilik və intellektual səviyyəsindən, düşüncə tərzindən çox asılıdır. SƏTƏMM qanunvericiliyi, təhlükəsizlik, fərdi mühafizə vasitələrindən düzgün istifadə, yanğın təhlükəsizliyi, ilk yardım vərdişlərinin mənimsənilməsi qaydalarının təbliği nəticəsində və bu qaydalara riayət olunmasına ciddi nəzarətin nəticəsində bu gün metropolitendə əmək xəsarətlərinin sayı minimuma endirilib. Metropolitenin istehsalat sahələri, əməyin təşkili və təhlükəsizlik texnikası üzrə respublika müsabiqəsinin qalibləri sırasında olub.
Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməyin mühafizəsi şöbəsinin mütəxəssisi Nadir Muradov Ümumdünya Əməyin Mühafizəsi Gününün tarixindən danışıb. Bu gün ölkədə istehsalat qəzalarının qarşısının alınması üçün səmərəli tədbirlərin həyata keçirildiyini bildirib. Seminar iştirakçılarını Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə təbrik edib, metropolitençilərə əməyin mühafizəsi, təhlükəsizlik texnikası, eləcə də ətraf mühitin qorunmasında böyük uğurlar arzulayıb.