z
26 APREL / 2019 / 00:00
2018-ci il sentyabrın 27-dən "Xətai" stansiyasında istismar müddətini başa vurmuş eskalatorların yenisi ilə əvəzlənməsinin növbəti mərhələsi başlanıb. Hazırda maili gediş boyunca quraşdırılmış eskalatorların sazlanma işləri aparılır. Maşın zalı hissəsində eskalatorların sürahisinin, mühərriklərinin, iri hissələrinin quraşdırılması başa çatdırılıb, pillələr və dartı zəncirləri birləşdirilir, idarəetmə pultu və lövhələrin qurulması da paralel olaraq aparılır.
Qeyd edək ki, stansiyada 50 illik istismar müddətini başa vurmuş 3 köhnə eskalator söküldükdən sonra, Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılır. Bu da sərnişinlərin təhlükəsizliyinin və rahatlığının daha da artırılması baxımından mühüm yenilik olacaq.
Eskalatorlar quraşdırıldıqdan sonra, maşın zalı tavanının gücləndirilməsi məqsədilə dayaqlar qoyulub. Bununla yanaşı, maili gedişin yuxarı və aşağı hissələrində də gücləndirmə tədbirləri görülüb, suaxarlar bərpa edilib, dartı kamerasında da axıntıların qarşısı alınıb. Eskalatorlara xidmət məqsədilə maşın zalından maili gediş boyunca yan hissələrdə yeni metal pilləkənlər quraşdırılıb.
Qeyd edək ki, stansiyanın yerləşdiyi ərazinin ağır geoloji mühiti nəzərə alınmaqla, təmir-bərpa zamanı etibarlı və davamlı materiallardan istifadə olunmasına xüsusi diqqət yetirilir.
Bir giriş-çıxışlı olduğu üçün bağlanmış stansiyada ötən müddət ərzində bütün infrastrukturun yenilənməsi istiqamətində də əsaslı işlər görülür.
50 ildən artıqdır fəaliyyətdə olan stansiyanın üzərində inşa olunmuş və dayanıqlığını itirməkdə olan ikimərtəbəli vestibül binasının mişar daşları keyfiyyətini qismən itirdiyindən fasadın gücləndirilməsi məqsədilə metal konstruksiya qurularaq, betonlanıb. Hazırda bu işlərin yekunlaşdığı hissələr üzlənir.
Stansiyanın girişi üzərindəki günlüyün sökülməsi də başa çatdırılıb. S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun baxışdan sonra verəcəyi rəyə əsasən “Bakımetrolayihə” İnstitutunun mütəxəssisləri tərəfindən yenidənqurma layihəsi hazırlanacaq.
Giriş hissədə stansiyanın memarlıq kompleksinin elementi kimi diqqət çəkən metal şəbəkələr sökülərək, korroziyadan təmizlənib, xüsusi boyaq maddə ilə rənglənərək yerinə quraşdırılır.
Memarlıq elementlərindən bəhs edərkən, stansiyanın giriş vestibülünün divarında yer alan Şah İsmayıl Xətai və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyasının bərpası mürəkkəb məsələyə çevrilmişdi. Atmosferin aqressiv təsirlərinə məruz qalaraq, təhlükəli vəziyyətə düşmüş, kompozisiyanın əsas elementləri bərpa olunmalı idi. "Bakı Metropoliteni" QSC rəhbərliyi ölkənin aparıcı sahə mütəxəssislərini bu işə cəlb etməklə, kompozisiyanın maksimum bərpasına nail olub.
Vestibüldə divarların üzlənməsi işlərinin böyük hissəsi başa çatdırılıb. Yardımçı və texniki xidmət otaqlarında təmirin, kommunikasiya xətlərinin çəkilməsi istiqamətində tədbirlərin böyük hissəsi yekunlaşdırılıb.
Stansiyanın yol infrastrukturu da yenidən qurulur. Bu məqsədlə köhnə yol betonu tamamilə sökülüb. Stansiya yolu dəmir-beton bloklardan ibarət olacaq. Qeyd edək ki, bu bloklar Bakı metropoliteninin özünün istehsalat sahəsinin məhsuludur. Onun istehsalının təşkil edilməsi məqsədilə dünyanın ən aparıcı şirkətləri arasında monitorinq aparılaraq ən səmərəli və keyfiyyətli variant kimi, Almaniyanın "Vollert" şirkətinin avadanlığı ilə təchiz olunmuş, dəmir-beton konstruksiyaları istehsalatı sahəsində yeni sex inşa olunub. Ağac şpallarla müqayisədə daha uzunömürlü, səmərəli və keyfiyyətli olmaqla yanaşı, həm də maliyyə vəsaitinin ölkə xaricinə köçürülməsinin, kənardan gətirilən ağac şpallardan asılılığın azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir.