z
30 APREL / 2019 / 00:00
May ayının 1-dən 15-dək ölkəmizdə 3-cü dəfə "Tolerantlıq məkanına daxil olursunuz!" şüarı altında "Imagine" Avro Tolerantlıq Festivalı təşkil ediləcək. Bu mötəbər festival çərçivəsində silsilə tədbirlərdən biri Bakı metropolitenində keçiriləcək. Bununla, Bakı metropoliteni öz tarixində ilk dəfə geniş miqyaslı böyük beynəlxalq sosial layihənin keçiriləcəyi məkanlardan biri olacaq. Mayın 1-də Festivalın açılış gününün ilk tədbirlərdən biri kimi, əslən Çilidən olan belçikalı saksafonçu Marselo Monkada “İçərişəhər” stansiyasının vestibülündə konsert proqramı ilə çıxış edəcək. Konsert proqramı saat 17:00-da başlanacaq və bir saat davam edəcək. İfaçının qeyri-adi konsert proqramı sərnişinləri və şəhərimizin qonaqlarını caz improvizasiya aləminə səyahətə çıxaracaq. Çilili tenor saksafon ifaçısı Marselo Monkada 2002-ci ildən Belçikaya köç edərək, Antverpen və Gent Kral konservatoriyalarında "Caz və xalq musiqisi" fakültəsində təhsil alıb. O, bir sıra tanınmış festivallarda iştirakı ilə tanınıb. 3-cü "Imagine" Avro Tolerantlıq Festivalı haqqında onu da qeyd edək ki, Bakı və Gəncədə keçirilməsi nəzərdə tutulmuş builki tədbirlər Şərq Tərəfdaşlığının 10 illik yubileyinə təsadüf edir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi "United Cultures" əməkdaşlıq çərçivəsində İttifaq ölkələri ilə yanaşı, Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail səfirlikləri ilə birlikdə mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərini tanıtmağa yönəlib. Əvvəlki illərin ənənəsi qorunmaqla, festivalın proqramının daha fərqli və orijinal olması nəzərdə tutulub.