z

İki yeni güclü ventilyator istismara verilib

İki yeni güclü ventilyator istismara verilib

04 IYUN / 2019 / 00:00

"Bakı Metropoliteni" QSC stansiya və tunellərdə köhnə ventilyasiya avadanlıqlarının yeniləri ilə əvəzlənməsi məqsədilə 2019-cu il üçün nəzərdə tutulmuş ilk əhəmiyyətli tədbirini həyata keirib. Rusiyanın “Ventprom” maşınqayırma zavodunda istehsal olunaraq Bakıya gətirilmiş 7 yeni güclü ventilyatordan ikisi “Qara Qarayev” və Yaşıl xəttin “Memar Əcəmi” stansiyalarında istismara verilib.
Son illərdə Bakı metropolitenində müasir sistemlərin tətbiqi daha geniş vüsət almaqdadır. Metropolitenin sosial əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, sərnişin təhlükəsizliyi və rahatlığının daha da yüksək standartlar səviyyəsinə çatdırılması məqsədilə əhəmiyyətli yeniliklər edilir. 2019-cu ildə də bu istiqamətdə mühüm addımlar atılır. Ölkə başçısının tapşırığına uyğun olaraq, ehtiyat elektrik təchizatı mənbələrinin yaradılması, vaqon parkının yenilənməsi, yeni və mövcud xətlərdə qatarların hərəkətinin təşkili və tənzimlənməsində müasir avadanlıqların, sistemlərin tətbiqi xüsusi qeyd oluna bilər. Stansiya və tunellərdə süni havalandırmanın təşkilində xüsusi rol oynayan ventilyasiya qurğularının yeni nəsil avadanlıqları ilə əvəzlənməsi də bu qəbildən diqqət çəkən yeniləşmə nümunələridir.
Ümumən Bakı metropoliteninin stansiya və tunellərindəki istismar müddəti başa çatmış ventilyasiya sisteminin daha məhsuldar və səmərəli avadanlıqlarla əvəz edilməsi məqsədilə ötən il dünyanın aparıcı şirkətlərinin istehsalı olan məhsullarının monitorinqi aparılıb. Yekun nəticə kimi, metropolitenin bütün tələblərinə uyğun gələn ən optimal variant - Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodunun məhsulları seçilərək, müqavilə imzalanıb.
İstehsal prosesindən sonra güclü ventilyatorların zavod şəraitində sınağı keçirilib. Qurğuların bütün texniki parametrlərinin, idarəetmə lövhələrinin, nəzarət-məlumat vericilərinin “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına uyğunluğu yoxlanılıb. Yeni ventilyatorun iş rejimini axından sovurmaya və əksinə 20 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından əhəmiyyət kəsb edir. Hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsi məqsədilə quraşdırma zamanı hər bir detala, hətta ventilyatorların döşəmə səviyyəsindən hündürlüyünə də xüsusi diqqət yetirilib.
"Bakı Metropoliteni” QSC-nin texniki tapşırığına əsasən, ventilyatorun idarəetmə sistemləri istehsalçı müəssisə tərəfindən “Siemens” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub. Həmçinin relelər, avtomat açarlar və digər cihazları normal temperatur rejimində saxlamaq üçün idarəetmə paneli ventilyatorla, eyni zamanda avtomatik yanğınsöndürmə vasitəsi ilə təchiz edilib.
Yeni ventilyatorların səsi normalardan aşağı olsa da, sərnişin rahatlığı baxımından müasir səsboğucularla da təmin olunacaq. Yeni səsboğucular daha effektiv və istismar üçün daha əlverişlidir.
“Qara Qarayev” və “Memar Əcəmi” stansiyalarında quraşdırılmış “VOM 24R” tipli ventilyatorların elektrik mühərrikinin gücü 75 kVt-dır. Məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Ən əsası, yeni ventilyatorlar istismardan çıxarılmış avadanlıqlarla müqayisədə tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Müqayisə üçün qeyd edək ki, əvvəlki avadanlıqlar, ən yaxşı halda, 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yenilərinin havalandırma imkanı 70 m3/saniyədir. Həmçinin yeni ventilyatorların faydalı iş əmsalı, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının ən yüksək tələblərinə cavab verir.
Mart ayından yeni ventilyatorun quraşdırılması məqsədilə “Qara Qarayev” stansiya şaxtasında hazırlıq tədbirləri yerinə yetirilib. Köhnə ventilyator sökülərək, yenisinin quraşdırılması üçün texniki tələblərə uyğun özül hazırlanıb. Görülən işlər çərçivəsində yeni dəmir-beton döşəmə oturacaq hazırlanıb, daha sonra ventilyator quraşdırılıb, elektrik xətləri tamamilə yenilənib, idarəetmə dolabları qoyulub, texniki sazlama və qoşulma işləri aparılıb. Quraşdırmanın mühüm yeniliklərindən biri fiberoptik kabellərdən istifadə olunmasıdır. Hazırda metropolitendə bununla bağlı mühüm işlər aparılır. Ventilyasiya sahəsində optik kabelləşmə informasiyanın daha etibarlı, səmərəli, dəqiq ötürülməsi, idarəetmənin daha keyfiyyətli və səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir.
Yeniliklərdən biri kimi, ventilyatorların fəaliyyətini qiymətləndirməyə, həmçinin ətraf mühitin, mikroiqlim şəraitinin fərqli parametrlər üzrə öyrənilməsinə xidmət göstərəcək ölçü cihazının quraşdırılmasıdır. Bu isə əyani müşahidələr aparmağa kömək edəcək.
May ayının ikinci ongünlüyündən istehsalçı şirkətin mütəxəssislərinin iştirakı ilə avadanlığın quraşdırılması, mərkəzi və yerli idarəetmə sistemlərinin qoşularaq sazlanması və digər texniki parametrlərin yoxlanılması, həmçinin sınaqları aparılıb. Yeni qurğular ventilyatorların müvafiq iş qrafikinə uyğun işə salınıb. Ventilyatorların imkanları nəzərə alınaraq, qrafikdə müvafiq dəyişikliklər edilib.
Qeyd edək ki, “Qara Qarayev” və “Memar Əcəmi” stansiyalarında eyni parametrli daha iki havalandırma qurğusunun quraşdırılması məqsədilə hazırlıq işlərinə başlanılıb.
Digər 3 ventilyator “Nizami” və "Nəriman Nərimanov-Ulduz" stansiya və mənzil tunellərində quraşdırılacaq. “VOM 20” tipli bu qurğuların elektrik mühərrikinin gücü 55 kVt-dır.
Onu da xüsusi qeyd edək ki, bu, metropolitenin stansiya və tunellərinin ventilyasiya sistemi ilə bağlı 2019-cu il ərzində həyata keçirəcəyi yeganə tədbir deyil. “Bakı Metropoliteni” QSC stansiya və tunellərin təbii havalandırılması istiqamətində yeni layihənin həyata keçirilməsinə başlayacaq. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinin məhsullarının Bakı metropolitenində tətbiq imkanları, keyfiyyəti, səmərəsi və digər texniki detalları araşdırılıb. Yaxın vaxtlarda bununla bağlı ilk əhəmiyyətli addımlar da atılacaq. Bu barədə də ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.