z

Bayram günündə rəngarəng şou

 Bayram günündə rəngarəng şou

07 IYUN / 2019 / 00:00

Ölkəmizdə Ramazan bayramının qeyd edildiyi gün “İçərişəhər” stansiyasının vestibülündə metro sərnişinlərinə artıq ikinci dəfə Latın Amerikası xalqlarının musiqi nömrələrindən ibarət konsert təşkil edilib. Braziliyalı Teo və Daniel Kansello qardaşları və Azərbaycan Kapoeyra Federasiyasının yığma komandasının iştirak etdiyi konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Latın musiqi incilərinin saksafon və fleytada Daniel, sintizatorda Teo tərəfindən ifası bugün sərnişinlərdə əsl bayram ovqatı yaradıb. Braziliyalı ifaçı qardaşlar konsertin məhz şəhərin ən kütləvi sərnişindaşıma növü metropolitendə keçirilməsini əhəmiyyətli hadisə adlandırıb. Qədim və müasirliyin vəhdəti olan paytaxtımızı çox sevən Kansello qardaşları gələcəkdə bu tədbirlərin miqyasını genişləndirəcəklərini də vurğulayıblar.
Bununla yanaşı, Azərbaycan Kapoeyra Federasiyasının prezidenti, kapoeyra üzrə 4 qat Azərbaycan çempionu, dünya ikincisi, ilk beynəlxalq dərəcəli hakim Nahid Ağazadə konsertdə öz yığma komandası ilə çıxış edib.
Qeyd edək ki, festival iyunun 9-dək Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq və təbliğ etmək məqsədilə region ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə səyi ilə keçirilir. Festival çərçivəsində canlı konsertlər, rəqslər, milli mətbəx, mədəniyyət, incəsənət və s. tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.