z

Deponun elektrik təchizatı sistemi yenidən qurulub

Deponun elektrik təchizatı sistemi yenidən qurulub

10 IYUL / 2019 / 00:00

“Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunda daha bir elektrik yarımstansiyası istifadəyə verilib. Bununla metropolitenin istismar fəaliyyətinin təşkilində xüsusi rol oynayan və lokomotiv parkının elektrik təchizat sisteminin müasir standartlar səviyyəsində yenidən qurulması başa çatdırılıb.
“Bakı Metropoliteni” QSC-nin “Bakımetrolayihə” İnstitutunun layihəsi əsasında inşa olunmuş yarımstansiya iki mərtəbəli binadan ibarətdir. Birinci mərtəbəsi xidməti otaqların və elektrik xətlərinin əsas daşıyıcı sahəsidir. İkinci mərtəbədə idarəetmə personalının avtomatik iş yeri və elektrik təchizatını təmin edən avadanlıqlar yerləşir.
2018-ci ildə “Nərimanov” elektrik deposu ərazisində istismara verilmiş daha bir alçaldıcı yarımstansiyada olduğu kimi, burada da bu sahədə ixtisaslaşmış “Siemens” şirkətinin avadanlıqları və sistemləri quraşdırılıb. Eyni istehsalçının avadanlıq və sistemlərindən istifadə olunması yarımstansiyanın işini daha səmərəli və keyfiyyətli qurmağa kömək edir, eləcə də avadanlığın istismarı və qulluğu asanlaşır.
Avtomatik iş yerinin qurulmasında dövrün tələbləri nəzərə alınıb və idarəetmə müasir mikroprosessor sistemli telemexanika şkafı ilə aparılır və dispetçer idarəetməsinə tabe etdirilib.
Yarımstansiyada, hərəsindən iki ədəd olmaqla, 1000 kVA-lıq güc, 630 kVA-lıq işıqlandırma, işarəvermə sistem və qurğuların tələbatı üçün nəzərdə tutulmuş 40 kVA-lıq transformatorlar quraşdırılıb. Bununla daha bir əhəmiyyətli nailiyyət əldə olunaraq, şəbəkələrin bir-birindən ayrılması depoda elektrik təchizatının sabitliyini və etibarlığını daha yüksək səviyyədə təmin etməyə imkan verib.
Yeni yarımstansiyada 6 kV-luq komplekt paylayıcı və 4 ədəd 0,4/0,23 kV-luq paylayıcı qurğular da qoyulub. Bu qurğuların üstünlüyü onların avtomat mexanizmli bölmələrdən ibarət olmasıdır. Bununla gələcəkdə bölmələrin yenisi ilə əvəzlənməsi mümkün olacaq.
Burada yeni standartlar səviyyəsində gel əsaslı hermetik akkumulyatorlar sahəsi, sabit cərəyan lövhəsi, qəza-işıqlandırma bölməsi yaradılıb, ventilyasiya sistemi quraşdırılıb.
Ümumiyyətlə, aparılan yenidənqurma tədbirləri nəticəsində “Nərimanov” elektrik deposunun funksionallığı artmaqla yeni istismar, istehsalat, təmir və yenidənqurma sahələri yaradılıb. Bu sırada yeni inşa olunmuş vaqonların əsaslı təmiri sexi və yeni anbar təsərrüfatı sahəsi, yenidən qurulmuş və infrastrukturu müasir tələblər səviyyəsinə çatdırılmış vaqonların cari təmiri sexi xüsusi qeyd oluna bilər. Hazırda depoda yeni tipli mərkəzləşmə məntəqəsi, fərqli istehsalat sahələrinin tələblərini optimallaşdıran təmir-bərpa sexlərindən ibarət mərkəzləşmiş emalatxanalar şəbəkəsi yaradılır. Yeni yarımstansiya elektrik təchizatına olan tələbatın ən yüksək standartlar səviyyəsinə çatdırılmasını təmin edib.