z

Əsaslı təmir və yenidənqurmadan sonra “Xətai” stansiyası istismara verilib

Əsaslı təmir və yenidənqurmadan sonra “Xətai” stansiyası istismara verilib

06 SENTYABR / 2019 / 00:00

Bakı metropoliteninin "Xətai" stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra yenidən istismara verilib. İnşasına hələ 1949-cu ildə başlanmış və 1968-ci il fevralın 22-də açılmış stansiyanın 50 ildən artıq istismar müddətində köhnəlmiş, müasir dövrün tələblərinə cavab verməyən bütün infrastrukturunun yenilənməsi məqsədilə təmir mərhələlərlə aparılıb.
2014-cü ildə birinci mərhələdə stansiyanın platformasının orta zalı, stansiya yolu və "Xətai-Cəfər Cabbarlı" mənzilinin müvafiq tunelində əsaslı təmir və yenidənqurma tədbirlərinə başlanılmışdı. Həmin müddətdə sərnişinlərin stansiyadan istifadə etməsinə məhdudiyyətlər qoyulmasa da, işlərin növbəti mərhələsində istismar müddətini başa vurmuş eskalatorların da yenisi ilə əvəzlənməsi yalnız bir giriş-çıxışı olan stansiyanın bağlanması zərurətini yaratmışdı.
2018-ci il sentyabrın 27-də bağlanmış stansiyada “LT-2” tipli  3 eskalator sökülərək, Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılıb. Bu məqsədlə maili gediş, dartı kamerası 4 eskalatorun texniki quraşdırma tələblərinə uyğunlaşdırılıb. Nəticədə, bir giriş-çıxışı olan Bakı metropoliteninin ən dərin stansiyasında sərnişinlərin enib-qalxma təhlükəsizliyinin, təxliyə imkanlarının və rahatlığının artırılması, xidmət səviyyəsinin daha da yüksəldilməsinə nail olunub.
Eskalatorların maşın zalı əsaslı təmir olunmaqla, yeni avadanlığın quraşdırılması üçün zəruri tədbirlər görülüb. Köhnə eskalatorların mühərrik hissəsi sökülərək yenisinin quraşdırılması üçün müvafiq şərait yaradılıb və yeni beton özül qurulub. Yeni eskalatorların çəkisi 4-8 ton olan hissələrinin maili gedişə düzülməsi məqsədilə qaldırıcı konstruksiya quraşdırılıb, yeni dayaqlar hesabına vestibül döşəməsinin möhkəmliyi artırılıb. Maili gediş boyunca tunelin çuqun geyimi korroziyadan təmizlənilib, axıntıların qarşısının alınması məqsədilə tədbirlər görülüb, korroziyadan mühafizə məqsədilə konstruksiyanın uzunömürlüyünü təmin edən keyfiyyətli boyalardan istifadə olunub. Həmçinin, maili gedişin yuxarı və aşağı hissələri, dəmir-beton konstruksiyaları təftiş olunaraq müvafiq tədbirlər görülməklə, gücləndirilib, suaxarlar bərpa edilib, dartı kamerasında da axıntıların qarşısı alınıb. Eskalatorlara xidmət məqsədilə maşın zalından maili gediş boyunca yan hissələrdə yeni pilləkənlər quraşdırılıb. Stansiyanın yerləşdiyi ərazinin ağır geoloji mühiti nəzərə alınmaqla, təmir-bərpa zamanı etibarlı və davamlı materiallardan istifadə olunmasına xüsusi diqqət yetirilib.
Eskalatorların sazlanma, tənzimləmə və sınaq işlərinə paralel olaraq maili gedişin çətir örtüyü yenilənib. Xüsusi davamlı materialdan olan yeni çətir işıqlanma sistemi ilə birlikdə eskalatorların estetik görkəmini tamamlayır. Yeni eskalatorlar funksionallığı ilə seçilir, sürəti dünya standartlarının tələblərinə uyğundur. Onlar qənaətcil, səmərəli, istismarı və qulluğu daha asandır. İdarəetməsi müasir dövrün tələblərinə cavab verməklə avtomatlaşdırılıb.
Təmir ərzində stansiyanın digər infrastrukturunun yenilənməsi tədbirləri də başa çatdırılıb. Stansiyanın dayanıqlığını itirməkdə olan ikimərtəbəli yuxarı vestibül binasının mişar daşları keyfiyyətini qismən itirdiyindən bina divarları dəmir-beton köynəklə gücləndirilib, daha sonra metal konstruksiya qurularaq üzlənib. Üzləmə işləri zamanı Naxçıvan istehsalı olan cilalanmış təbii travertindən istifadə olunub. Bu isə stansiyanın memarlıq üslubunun, orijinallığın qorunmasını, həmçinin geoloji mühitə və atmosfer təsirlərinə daha münasib olmasını təmin edib.
Giriş üzərindəki günlük etibarlığını itirdiyindən S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun rəyi əsasında “Bakımetrolayihə” İnstitutunda yenidən layihələndirilib və müasir dövrün inşaat nailiyyətlərindən istifadə olunmaqla yenidən qurulub. Yeni günlük üçün xüsusi metal konstruksiya qurulmaqla, keyfiyyətli, dayanıqlı və uzunömürlü materiallardan istifadə olunub. Qurulan yeni çətir stansiyanın estetik və memarlıq görkəminə uyğunlaşdırılıb. Stansiyanın giriş hissəsində milli memarlıq elementləri formasında işlənmiş metal şəbəkələr korroziyadan təmizlənilib, xüsusi boyaq maddə ilə rənglənərək yerinə quraşdırılıb.
Mühüm məsələlərdən biri stansiyanın giriş vestibülü və platformanın orta zalının divarında Şah İsmayıl Xətaiyə və onun yaradıcılığına həsr olunmuş bədii-memarlıq kompozisiyalarının bərpası idi. Çünki quraşdırma zamanı seçilmiş materialların keyfiyyətinin atmosferin aqressiv təsirlərinə uyğun gəlməməsi memarlıq tərtibatlarını təhlükəli vəziyyətə gətirmişdi. "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi bu sahədə fəaliyyət göstərən aparıcı mütəxəssisləri adı keçən işə cəlb etməklə, bədii-memarlıq kompozisiyasının bərpasına maksimum səviyyədə nail olub. Bərpa edilmiş kompozisiyalar milli memarlıq elementləri ilə zənginləşdirilməklə və işıq effekti ilə daha təravətli çalar alıb.
Vestibülün divarları təbii travertin və döşəməsi təbii qranitlə yenidən üzlənib. Həmçinin dartma tavan örtüyü, müasir işıqlanma sistemi, xüsusən günbəz hissədə quraşdırılmış dairəvi formalı çilçıraq və milli çalarlı ornament vestibülün ümumi görkəmini daha işıqlı və diqqətçəkən edib.
Memarlıq baxımından stansiyanın platforma səviyyəsində Almaniya istehsalı olan 3D divar panellərindən və sinklənmiş tavanlarından istifadə olunub. Stansiyanın döşəməsinə və divarın alt hissəsinə, metro inşaatı texnologiyasının tələblərinə uyğun olaraq, cilalanmış təbii qranit vurulub. Platforma səviyyəsinin dizayn həlli “Xətai”stansiyasını Bakı metrosunun özünəməxsusluğu və müasirliyi ilə seçilən stansiyalarından birinə çevirib.
Bu xüsusda onu da əlavə edək ki, stansiyada əsaslı təmir və yenidənqurma ilə əlaqədar 899 m3 monolit dəmir beton, 47 m3 yığma dəmir-beton, 90 t armatur, 113 m2 hörgü, 637 m2 suvaq, 3545 m2 izolyasiya, 5259 m2 rəngsazlıq, 4980 m2 üzlük, 666 m2 alçıpan və asma tavan işləri yerinə yetirilib.
Təmir dövründə platforma, platformaaltı sahə, stansiya yolu və mənzil yollarında hələ 2014-cü ildə başlanmış əsaslı işlər də başa çatdırılıb. Bu xüsusda tunel geyimi yenidən təftiş olunaraq, bütün dəmir beton konstruksiyalar gücləndirilib və ya yenidən qurulub. Bu xüsusda məhlulvurma işləri aparılıb, axıntıların qarşısı alınıb, çuqun tübinqlər korroziya əleyhinə xüsusi boya ilə rənglənib. Axıntıların stansiya yolu və platformanın çətir örtüyünə mənfi təsirlərinin qarşısını almaq üçün xüsusi materialdan örtük qurulub. Platformaaltı sahə tamamilə yenidən qurularaq müasir istismar, texniki normativlər və xidməti sektorların tələblərinə uyğunlaşdırılıb.
Yol infrastrukturunun əsaslı təmiri ən mühüm yeniliklərindəndir. Bakı metropoliteni tarixində ilk dəfə stansiya yolu ən müasir dəmir-beton bloklardan qurulub. Bu məqsədlə köhnə yol yatağı tamamilə sökülüb, dəmir-beton blokların quraşdırılması üçün yenidən layihələndirilib. Ümumən 149 m uzunluğunda stansiya yoluna 162 m3 beton tökülüb. Qeyd edək ki, təmir zamanı “Xətai” stansiyasının dalanında və Bənövşəyi xəttin "Memar Əcəmi-B-03" mənzil yollarında və stansiya yollarında əldə olunmuş təcrübədən geniş istifadə olunub.
Yeni yol infrastrukturunun üstünlüklərindən bəhs edərkən, istismar şərtlərinin və xərclərinin sadələşərək azalması, qulluğun asanlaşması və xidmət keyfiyyətinin artması xüsusi qeyd olunmalıdır.
Ən mühüm üstünlüklərdən biri dəmir-beton blokların həm də Azərbaycan brendinə bir töhfə kimi Bakı metropoliteninin özünün istehsalat sahəsinin məhsulu olmasıdır. Bu sahənin təşkili məqsədilə aparılan monitorinq əsasında Almaniyanın "Vollert" şirkətinin seçilərək dəmir-beton konstruksiyaları istehsalatı sahəsində yeni sex inşa olunub. Dəmir-beton bloklar ağac şpallarla müqayisədə daha uzunömürlü, səmərəli və keyfiyyətlidir, həmçinin maliyyə vəsaitinin ölkə xaricinə çıxarılmasının qarşısını alır, kənardan gətirilən ağac şpallardan asılılığı azaldır.
Stansiyada bütün kommunikasiya xətlərinin, avadanlıqların yenilənməsi ilə bağlı mühüm işlər görülüb. Bu xüsusda hərəkətin təşkili, idarə olunması və tənzimlənməsində əhəmiyyət kəsb edən mərkəzləşmə məntəqəsi və stansiya növbətçisinin otaqları yenidən qurulub, eskalatorların nəzarətçi köşkü videogörüntülərlə təmin edilib. Yeni videomüşahidə şəbəkəsi yaradılıb, informasiya-məlumat sistemləri, sərnişin avtomatikası avadanlığı quraşdırılıb.
Stansiyada, "Xətai-Cəfər Cabbarlı" mənzilində yerləşən əsas və yerli suvurma qurğuları, eləcə də onların idarəetmə şkafları müasir dövrün tələblərinə və texnoloji inkişaf səviyyəsinə uyğun yenidən qurulub. Çirkab suların təmizlənməsi sistemi köklü şəkildə dəyişdirilərək yenilənib. Bu xüsusda qurğular, nasoslar və yeni tipli qapalı çənlər müasir və ən əsası ekoloji təmizliyin ən yüksək həddə təmin olunmasına zəmanət verir.
Burada su qovşağı da əsaslı şəkildə yenidən qurulub. Bu xüsusda içməli və yanğın məqsədli su xətlərinin bir-birindən ayrılması ilə dövrün daha bir ekoloji tələbi maksimum təmin edilib.
Stansiyanın yerli ventilyasiya sistemi müasir dövrün tələblərinə uyğun və texnoloji yeniliklərin tətbiqi ilə yenidən qurulub. Əsaslı təmir olunaraq, kommunikasiya xətləri istismar tələblərinə uyğun yenilənmiş texniki və xidməti otaqlar mərkəzləşmiş kondisioner sistemi ilə təmin olunub.
Stansiya yanğından mühafizə sistemləri ilə təchiz edilib, bununla bağlı ən son texnologiyalara uyğun yeniliklər tətbiq olunub. Quraşdırılan yeni yanğın xəbərverici sistem daimi texniki qulluq tələb etmir, mürəkkəb atmosfer təsirlərinə belə məruz qalmadan uzunmüddətli istismara davamlıdır. Həssaslıq diapazonu geniş olduğundan qabaqlayıcı tədbirlərin görülməsi üçün məlumatlandırma sisteminə malikdir. Bütün üstünlükləri nəzərə alınmaqla, yeni sistem vasitəsilə yanğın təhlükəsizliyinin keyfiyyəti əhəmiyyətli dərəcə artırılaraq, ən yüksək standartlar səviyyəsinə çatdırılıb.
"Xətai-Cəfər Cabbarlı" stansiyaları arasında mənzil yollarında boyunca uzunmüddətli istismar və həmçinin tunellərin yerləşdiyi ərazilərin geologiyasının mürəkkəbliyi səbəbilə infrastrukturun zərurətə çevrilmiş yenidən qurulması və digər müvafiq tədbirlər yerinə yetirilib. Həmçinin qeyd olunmalıdır ki, iki stansiya arasında yalnız məkik hərəkət təşkil edilir. Nəticədə, qatarların intensiv hərəkətindən yaranan porşen effektli təbii havalandırma olmadığından bu məqsədlə əlavə tədbirlər görülüb. Bu məramla birləşdirici tuneldə ventilyasiya imkanlarını artırmaq üçün havalandırma borusu çəkilib və ətrafı sulfatadavamlı beton məhlulla möhkəmləndirilib. Birləşdirici tuneldə, yarımstansiyada və yollararası keçid tunellərində geoloji təsirlərə davamlı beton məhlullarla gücləndirmə tədbirləri həyata keçirilib. Mənzil boyunca tunel geyimin vəziyyəti təftiş edilib və müvafiq sahələrdə layihələndirilməklə gücləndirilmə işləri aparılıb. Bu xüsusda metal izolyasiya və tunel köynəyi monolit dəmir-beton konstruksiya ilə gücləndirilib, əlavə mühafizə tədbirləri görülüb və tunel geyiminin arxası beton məhlulu ilə doldurulub.
Tikintinin norma və qaydalarına uyğun olaraq, əsaslı təmir və bərpa işləri zamanı müxtəlif markalı beton məhsullarından istifadə olunub. Bu xüsusda mənzil tunellərində yerinə yetirilmiş işlər zamanı 266 m3 B15, 8 m3 B25, 20 m3 B35, 227 m3 B40 markalı beton məhlulundan istifadə olunub. Bundan savayı, gücləndirmə məqsədləri üçün təyinatı üzrə 57 ton armatur və 1,9 ton metaldan istifadə olunub.
Əsaslı təmir və yenidənqurmanın son mərhələsində "Xətai" stansiyasının ətrafı abadlaşdırılıb, stansiya kompleksinin ümumi ansamblını tamamlayan işıqlanma sistemi qurulub, yaşıllıqlar salınıb. Stansiyanın yağıntılardan qorunması, axarların yönləndirilməsi, su yığılması və yağıntı təsirlərindən mühafizəni gücləndirmək məqsədilə maillik qoyulub, digər müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, hazırda "Cəfər Cabbarlı" stansiyasında da əsaslı təmir və yenidənqurma tədbirləri davam etdirilir. Burada atmosfer və mürəkkəb geoloji xüsusiyyətlərin təsirinə məruz qalmış tunel geyiminin və infrastrukturun əsaslı şəkildə təmiri yerinə yetirilir.