z

Yenidən qurulmuş təlim-tədris mərkəzində yeni tədris ili başlanıb

Yenidən qurulmuş təlim-tədris mərkəzində yeni tədris ili başlanıb

03 OKTYABR / 2019 / 00:00

Oktyabrın 3-ü “Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzinin əsaslı təmirdən sonra açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Ceyhun Bayramov, ali təhsil ocaqlarının rəhbər nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. "Azərbaycan Dəmir Yolları" QSC-nin aidiyyəti sahə üzrə  rəhbər və mütəxəssis heyəti ilə yanaşı, "Bakı Metropoliteni" QSC-nin əməkdaşlıq etdiyi təşkilat və müəssisələrin rəhbərləri, o cümlədən "Thales” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Şahan, texniki direktoru Mixail Malinovski, "Siemens Azerbaijan"ın rəhbəri Azər Quliyev tədbir iştirakçıları sırasında olublar.
Metropolitenin təlim-tədris mərkəzinin binası 1926-ci ilin sentyabr ayının 24-də SSRİ-nin ilk elektrik dəmiryolu nəqliyyatı olan Sabunçu vağzalının elektrik deposu kimi istismara verilib. 1966-cı ildə Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sərəncamı ilə tikili Bakı metropoliteninin balansına verilib və burada qatarların hərəkətinin təşkili və idarə edilməsi üzrə ən mühüm xidmətlərin dispetçer mərkəzləri fəaliyyət göstərib. 2014-cü ildə dispetçer mərkəzləri yeni inşa edilmiş texnoloji korpusa köçürülək  həmin il sentyabr ayının 16-da burada təlim-tədris mərkəzi fəaliyyətə başlayıb.
Tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayan “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov binada böyük təmir və yenidənqurma işləri aparıldığını, burada texniki kabinet, auditoriyalar, ən əsası, tədris guşələrinin yaradıldığını qeyd edib. Mərkəzin giriş və dəhlizlərində xronoloji ardıcıllıqla metro tarixinin əks olunduğunu, stendlərin ümumilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin metropolitenin inkişaf tarixindəki tarixi  missiyalarını əyani şəkildə nümayiş etdirdiyini diqqətə çatdırıb.
Zaur Hüseynov  metropolitendə tətbiq edilən texnoloji yeniliklərin mənimsənilməsində, yeni tipli kadrların hazırlanmasında Mərkəzə əhəmiyyətli tələbatın artdığını və bu səbəbdən yeniliklərin zəruri tələbə çevrildiyini də vurğulayıb. O, Fransanın “Thales” şirkətinin Bənövşəyi xətdə tətbiq etməyə başladığı SCADA və CBTC, TETRA rabitə sistemlərinin öyrənilməsi və bu xüsusda yeni kadrlara böyük ehtiyac olduğunu buna nümunə kimi göstərib. Hazırda Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin praktiki məşğələləri də məhz metropoliteninin istismar sahələri və tədris mərkəzində keçirilir. O, Metropolitendə elektrik yarımstansiyalarının yenidən qurulmasında "Siemens", eskalatorların dəyişdirilməsində "Thyssen Krupp" şirkətləri ilə əməkdaşlıq perspektivlərinə toxunaraq Mərkəzdə bu müəssisələrin vəsait və stendlərinin də əhəmiyyəti əyani tədris vəsaiti olduğunu bildirdi.
Zaur Hüseynov Bakı metropolitendə yeni tipli qatar tərkiblərinin sayının 11-ə çatdığını qeyd edərək, maşinistlərin də yenidən ixtisaslaşdırılması, yeni nəsil maşinistlərin hazırlığına başlanıldığını deyərək, Rusiyanın "Loqos" şirkətinin Mərkəzdə "81-765" tipli baş vaqonun bazasında quraşdırdığı trenajorun əhəmiyyətindən də bəhs edib.
Metro inşaatında tətbiq edilən "Herrenknecht" tunelqazma kompleksinin, həmçinin metropolitenin istehsalat sahəsində Almaniyanın "Vollert" şirkətinin texnologiyaları əsasında qurulmuş sexdə Azərbaycanda ilk dəfə ağac şpalları əvəz edən dəmir-beton blokların istehsalının təşkilini, yolun yeni tipli üstquruluşu elementlərinin tətbiqini qeyd edərək, Mərkəzin bu texnoloji yeniliklərin tələblərinə uyğun kadrları bundan sonra daha müasir qaydada hazırlayacağını deyib.
2014-cü ildən metropoliten üçün zəruri olan peşələr üzrə ixtisasartırma və yeni peşələrə yiyələnmə kurslarına hər il orta hesabla 800-900 işçinin cəlb edildiyini, imtahanların test üsulu ilə elektron qaydada aparıldığını diqqətə çatdıran  Zaur Hüseynov Azərbaycan-Fransız Universiteti (UFAZ) ilə yanaşı, Dövlət Neft və Sənaye, Memarlıq və İnşaat, Texniki universitetlərlə, həmçinin Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə səmərəli və sıx əməkdaşlığın bundan sonra daha intensiv və qarşılıqlı faydalı şəkildə aparılacağına əminliyini ifadə edib.
Sonra metro tarixi, tətbiq edilən yeniliklərə həsr olunmuş qısametrajlı filmin təqdimatı olub.
Mərasimdə təhsil naziri Ceyhun Bayramov çıxış edərək, həm ölkə, həm də metropoliten tarixində tədris prosesinin yeni innovasiyalarla müşayiət olunması baxımından belə bir Mərkəzin açılmasını təqdirəlayiq addım kimi qiymətləndirib. O, bu xüsusda “Bakı Metropoliteni” QSC-nin müvafiq ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərinin daha da genişlənəcəyini, tələbələrin müxtəlif sahələr üzrə yeni interaktiv təlimlərlə kursların məhz bu tədris ocağında keçirilməsinin gələcək peşəkar kadrların yetişidirlməsində böyük rol oynayacağına əmin olduğunu bildirib və Mərkəzə yeni nailiyyətlər arzulayıb.
Rəsmi hissə başa çatdıqdan sonra mərasim iştirakçıları Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar. Hər güşədə mütəxəssislər müvafiq sahələrdəki yeniliklər və təlim-tədris prosesinin təşkilində diqqət yönəldiləcək məqamlar barədə ətraflı məlumat veriblər.