z

İlin maşinisti məlum oldu

İlin maşinisti məlum oldu

08 NOYABR / 2019 / 19:00

“Bakı Metropoliteni” QSC-də hər il metropolitençilərin peşə bayramı ərəfəsində keçirilən “İlin maşinisti” müsabiqəsinin builki qalibi müəyyən edilib. Bu ada hərəkət qatarlarının istismarı üzrə iş departamentinin qatar sürücüsü, 3-cü dərəcəli maşinist Hüseyn Hüseynov layiq görülüb.
Hüseyn Hüseynov metropolitenə 22 il bundan əvvəl gəlib. 20 yaşında “Nərimanov” deposunun qaldırma təmiri sexində 1-ci dərəcəli elektrik çilingəri kimi, ilk əmək fəaliyyətinə başlayıb. İki il ərzində ixtisas dərəcəsini pillə-pillə artırmaqla vaqon təsərrüfatının hər bir qovşağını, detalını dərindən öyrənib. Elektrik sahəsi üzrə peşəkar kimi formalaşıb. Amma təmir sexinin əksər gəncləri kimi Hüseyn də maşinist olmaq arzusu ilə yaşayırdı. Metroya da elə bu məqsədlə gəlmişdi.
O vaxtlar maşinist kabinasına aparan yol mütləq təmir sexindən başlayırdı. Belə hesab edilirdi ki, əsl maşinist vaqon təsərrüfatını təkcə nəzəri cəhətdən deyil, həm də praktiki şəkildə mənimsəməlidir. Savadlı maşinist ilk növbədə təmir qanovlarının imtahanından keçməli idi. Hüseyn üçün bu imtahan dövrü 6 il çəkdi. 2003-ci ilin əvvəlində deponun texniki kabinetində fəaliyyət göstərən maşinist köməkçisi kurslarını bitirdikdən sonra, müvəffəqiyyətlə imtahan verib, lokomotiv briqadaları heyətinə daxil edildi. Maşinist ixtisasına yiyələndikdən sonra 2007-ci ildən qatarı özü idarə etməyə başlayır. Həmin ilin dekabrından rəhbərlik onu köməkçiyə ehtiyacı olmayan maşinistlər sırasında görür və elə o vaxtdan Hüseyn Hüseynov qatarı tək idarə edir. Artıq 12 ildir ki, çalışdığı bu vəzifədə özünü əsl peşəkar kimi göstərib. Özündə maşinistə layiq keyfiyyətlərin olduğunu sübut edib. İlin maşinisti ənənəvi müsabiqənin qalibi müəyyənləşdirilərkən, münsiflər heyəti yekdilliklə Hüseyn Hüseynova səs verib.
Qalibi bütün metropolitençilər adından təbrik edirik.