z
28 NOYABR / 2019 / 15:34
Bakı metropoliteninin elektrik təchizatı sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində aparılan mütəmadi işlər daha bir yarımstansiyanın yenidən qurulması ilə davam etdirilir.
50 ildən artıqdır istifadədə olan “İçərişəhər” alçaldıcı yarımstansiyasının elektrik qurğu və avadanlıqları fiziki cəhətdən köhnəldiyindən yenisilə əvəzlənməsi zərurətə çevrilib.
Bu məqsədlə təhlükəsizlik və elektrik enerjisi təminatı ilə bağlı alternativ mənbələrinin yaradılması ilə yarımstansiyada əsaslı təmir işləri aparılır. Hazırda burada köhnə avadanlıq sökülərək, yeni avadanlıqlar quraşdırılıb.
Dövrün tələbləri nəzərə alınaraq, yarımstansiyasında 2 güc (630 kvA), 2 işıqlandırma (400 kvA) və işarəvermə avadanlığının qidalanmasını təmin edən 2 qurğu (63 kvA) olmaqla, cəmi 6 transformator dəyişdirilib.
Sökülən bütün avadanlıqlar dünyada bu sahədə tanınmış şirkətlərdən biri olan "Siemens"in müasir cihazları ilə əvəzlənib. Sistemin eyni şirkətin avadanlıqlarından qurulması onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verib.
Hazırda təchizatçı şrkətin nümayəndələri ilə birlikdə avadanlığın sazlanması və sınaq işləri aparılır.
Qeyd edək ki, son illərdə bu istiqamətdə mühüm işlər yerinə yetirilib. Ötən iki il ərzində yeni istehsalat və təmir sahələri ilə böyüyən "Nərimanov" elektrik deposunda elektrik təchizatı sistemi yenidən qurulub və iki yeni elektrik yarımstansiyası istifadəyə verilib. Bundan savayı, "Sahil", "Gənclik", "Elmlər Akademiyası" stansiyalarında da elektrik yarımstansiyaları tamamilə yenidən qurulub.