z

Depo yolları və stansiyalar qarlı hava şəraitinə tam hazırdır

Depo yolları və stansiyalar qarlı hava şəraitinə tam hazırdır

10 YANVAR / 2020 / 16:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Əsasən yeraltı nəqliyyat növü olan Bakı metropoliteninin fəaliyyətinə qış fəslinin ən çox təsir edən vaxtları davamlı qarlı hava şəraitidir. Çünki qatarların hərəkətinin təşkilində, ələlxüsus səhər saatlarında xəttə verilməsində ən böyük yük açıq hava şəraitində yerləşən "Nərimanov" elektrik deposunun üzərinə düşür. Həmçinin stansiya keçidləri də açıq hava şəraitinin təsiri altında olurlar. Bu səbəbdən metropolitendə qarlı günlərə hazırlıq yaydan başlanır.
Bir qayda olaraq, iyun-iyul aylarında “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə təsdiq edilmiş planda qışa hazırlıq dövründə bütün struktur vahidlərinin vəzifələri, görüləcək işlərin miqyası və məzmunu müəyyən olunur. Plan üzrə bütün işlərin noyabr ayının əvvəlində icra müddəti tamamlanır və bundan sonra dövri olaraq, hazırlıqla bağlı davamlı yoxlamalar aparılır.
Hazırlığın əsas hissəsi yollarla bağlı olur. Qışın çovğunlu-qarlı günlərində qatarların, yol dəyişdirici qurğuların, deponun park yollarının da qar altında qalmasına imkan vermək olmaz. Əks halda, bu qurğuların işində yaranan nasazlıqlar depodan tunellərə üz tutan qatarların hərəkətini iflic edə bilər.
Yol təsərrüfatında qışa hazırlıq üzrə müvafiq hazırlıqlar artıq sentyabr ayında yekunlaşdırılıb. Hazırda davamlı olaraq mütəmadi yoxlamalar, təlimlər aparılır. Qarlı günlərdə əsas diqqət Qarla mübarizə qərargahına yönəlir. Qarla mübarizənin operativ planı tərtib olunmaqla, yol sahələri aidiyyəti işçilərlə tam komplektləşdirilib, qarla mübarizədə birinci dəfə çıxacaq işçilərlə müvafiq məşğələlər keçirilib, təlimatlar verilib.
Ən əsası, qərargah normalara uyğun materiallarla, avadanlıq və alətlərlə təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və fərdi mühafizə vasitələri alınıb. Məişət, istirahət və yuyunma otaqlarında lazımi təmir işləri görülüb.
Park yollarının ərazisi yoxlanılıb, yoldəyişdiricilərin yerləşdiyi yerlər təmizlənib. Üfürmə qurğuları saz vəziyyətə gətirilməklə, qrafik əsasında müntəzəm olaraq yoxlanılır. Yol sahələrində çəpərləmə ləvazimatı, alətləri və avadanlığı saz vəziyyətdədir. Depo və park yollarında izolə qovşaqlarının vəziyyəti də daim yoxlanılır, qüsurlu elementlər dəyişdirilir. Ümumən, qışa hazırlıq məqsədilə park yollarında digər profilaktik işlər mütəmadi yerinə yetirilir.
Stansiyalar da qarlı hava şəraitinə tam hazırdır. Güclü qar yağıntısı zamanı keçid pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı var. Eyni zamanda pillələrin buzlaşması ilə mübarizə üçün hər stansiyanın duz ehtiyatı toplanıb.
Əlverişsiz hava şəraitində, ən əsası, qarlı günlərdə stansiyaların işçi heyətlərinə təlimatlar keçirilib. Belə hava şəraitində stansiya pilləkənləri daimi nəzarətdə olmalı, sərnişinlərin hərəkətinə təhlükə yaranmamalıdır. Güclü qar yağıntısı zamanı Qarla mübarizə qərargahından stansiyalara təhkim olunmuş işçilər dəvət olunurlar.