z
26 FEVRAL / 2020 / 09:20
Bu gün Azərbaycan xalqı tarixinin ən qanlı səhifələrindən birini - Xocalı soyqırımının ildönümünü qeyd edir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt etdi. Nəticədə şəhərdə yanğın törədildi, səhər saat 5 radələrində şəhər tam alova büründü.
Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış 2500 nəfərə yaxın əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq şəhəri yerlə yeksan etmiş düşmən dinc əhaliyə cüzi imkan və dəhliz belə vermədən ən qəddar vəhşiliklə körpəyə, uşağa, qocaya, qadına amansızlıqla divan tutdu.
Bu vəhşilik nəticəsində 613 nəfər həlak oldu. Onlardan 63 uşaq, 106-sı qadın, 70-i ahıl insan olmaqla 8 ailə tamamilə məhv edildi. Bu soyqırım aktı 25 uşağı hər iki valideynindən məhrum etdi, 130 uşaq valideynlərindən birini itirdi.
487 nəfər yaralandı və onlardan 76-sı uşaq idi. 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü.
Bəşəriyyət tarixinin ən acı faciələrindən biri olan, erməni vandallarının törətdiyi bu soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu soyqırımı Pakistan, Sudan, Meksika, Kolumbiya, Çex Respublikası, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. ABŞ-ın 22 ştatı bu barədə sənəd qəbul edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir.
"Xocalıya ədalət" – şüarı ilə hər il bu faciənin miqyası daha geniş kütləyə çatdırlır.
Azərbaycan bu tarixi unutmayacaq və unutdurmayacaq!