z
10 MAY / 2020 / 14:14
Bu gün müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.
Azərbaycan xalqının taleyində və tarixində silinməz iz qoymuş bu dahi şəxsiyyət hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir dövlət xadimlərindəndir.
Onun hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın inkişafına verdiyi töhfələr metropolitendə də daim hiss olunub. Məhz həmin dövrdə metro tikintisində böyük canlanma yaranıb, yeni stansiyalar istifadəyə verilib. Ulu öndərin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə metronun cəmi 6 stansiyası və 8,8 kilometr xətti var idisə, sonrakı illərdə onun diqqəti və qayğısı nəticəsində daha 21,1 kilometr yeraltı dəmiryolu xətti və 14 yeni stansiya inşa edilib.
“Bakı metropoliteni Azərbaycan xalqının çoxəsrlik tarixində nadir bir hadisədir”- Ulu öndərin bu sözləri Bakı metropoliteninə verilən böyük tarixi qiymətdir . Heydər Əliyev müstəqillik illərində hətta iqtisadi çətinliklərə baxmayaraq, metronun inkişafına, vaqon parkının genişlənməsinə , maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək verib, köməyini əsirgəməyib. Ulu öndər metronu xalqın böyük sərvəti adlandırıb:“Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişimizdən miras qalıbdır. Ancaq eyni zamanda bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə Bakı metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətlərindən biridir”.
Heydər Əliyev təkcə Bakı metrosunun deyil, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini işlədiyi illərdə post-sovet məkanında metropolitenlərin inkişafına xüsusi töhfələr vermiş dahi şəxsiyyətdir. SSRİ miqyasında metro vaqonlarının, eləcə də metro inşaatı ilə bağlı avadanlıq, maşın və mexanizmlərin istehsalı sənayesi məhz onun rəhbərliyi altında, onun göstərişləri, verdiyi tarixi qərarlar sayəsində yeni mərhələyə qədəm qoyub, yeni kadrların yetişdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.
Qədirbilən xalqımız, o cümlədən metropolitençilər, metro inşaatçıları Ümummilli lider Heydər Əliyevin xidmətlərini, əziz xatirəsini qəlblərində daim yaşadacaqlar.