z

Bakı metropoliteninə ağır itki üz verib

Bakı metropoliteninə ağır itki üz verib

17 IYUN / 2020 / 12:38

Bakı metropoliteninə ağır itki üz verib. Metropolitendə 30 illik əmək fəaliyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış, hərəkətin təşkili üzrə ən güclü mütəxəssislərdən biri kimi yetişmiş, 2015-ci ildən isə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinə rəhbərlik etmiş Etibar Cavanşir oğlu İsayev iyunun 17-si 52 yaşında ürək çatışmazlığından haqq dünyasına qovuşub.
Etibar İsayev 1968-ci il fevral ayının 4-də Gürcüstanın Dmanisi rayonunda anadan olub. 1992-ci ildə Çelyabinsk Politexnik İnstitutunun Avtomobillər və avtomobil təsərrüfatı fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirib.
1991-ci il dekabr ayının 12-də Bakı metropoliteninin Hərəkət xidmətinə qatarların qəbulu və yola salınması üzrə növbətçi vəzifəsinə işə qəbul olunub. Həmin vaxtdan həyatını Bakı metropoliteninə bağlayan Etibar İsayev ötən bu illər ərzində təkcə metropolitenin deyil, post-sovet məkanında öz sahəsinin ən güclü mütəxəssislərindən birinə çevrilmişdi.
İşə qəbul olunduqdan qısa müddət sonra, 1992-ci ilin aprel ayında mühasib-müfəttiş, elə həmin ilin sentyabrında stansiya növbətçisi vəsifəsinə keçirilib. Onun peşəkar kadr kimi yüksəlişinin növbəti mərhələsi 1993-cü ildə hərəkətin təşkilində ən mühüm postlardan biri hesab olunan mərkəzləşmə məntəqə növbətçisi vəzifəsi olub.
1996-cı ildə Etibar İsayevə daha məsul vəzifə - Hərəkət xidmətinin baş mühəndisi vəzifəsi həvalə olunub. Onun peşə karyerasında 2000-ci ildə Bakı Metropoliteni İdarə aparatının aparıcı mühəndisi, 2001-ci ildə Hərəkət xidmətinin distansiya rəisi, 2002-ci ildən yenidən xidmətin baş mühəndisi vəzifələri mühüm yer tutur. 2015-ci il iyun ayının 29-da Hərəkət xidmətinin rəisi vəzifəsinə təyin edilən Etibar İsayev metropolitendə çalışdığı illər ərzində, sadəcə, karyera yüksəlişi ilə deyil, peşəkar kadr kimi, müəssisə üçün mühüm olan sahələrdə və ona tapşırılan bütün işlərdə daim etimadı doğruldan fədakar metropolitençi kimi özünü təsdiq edib.
Onun yüksək peşəkarlığı və fədakarlığı ilə yanaşı, şövqlə, usanmadan çalışması, novatorluğu daim metropolitençi gənclərə bir örnək olub.
Bakı metropoliteninin 50 illik yubileyi ərəfəsində, 2017-ci il noyabr ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Əməkdar mühəndis fəxri adına layiq görülüb.
Əmək uğurları dəfələrlə müxtəlif mükafatlarla qiymətləndirilib. 2008-ci il noyabrın 6-da “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif olunub.
2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəylik Oyunları, 2019-cu ildə UEFA Avropa Liqasının Bakıda keçirilən final qarşılaşması, eləcə də paytaxtda keçirilən müxtəlif kütləvi tədbirlər zamanı nəqliyyatın işinin təşkilində yaxından iştirakı təşkilat komitəsi tərəfindən yüksək qiymətləndirilib.
MDB və Şərqi Avropa məkanı ölkələrini birləşdirən “Metro” Beynəlxalq Assosiasiyasının bir sıra toplantı, konfrans və seminarlarında çıxışları post-sovet məkanının metro mütəxəssislərinin xüsusi diqqətini cəlb edib.
O, həm də nümunəvi ailə başçısı, mehriban insan, yaxşı dost, etibarlı yoldaş idi.
Etibar İsayevin əziz xatirəsi ailəsinin, metropolitençilərin, onu yaxından tanıyanların qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!