z
25 IYUN / 2020 / 20:00
Azərbaycan Silahlı Qüvvələri dövlətimizin qüdrət rəmzi, hər birimizin iftixar yeri, sabaha inamımız və müstəqilliyimizin qoruyucusudur. Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu 1918-ci ildə erməni təcavüzünün gücləndiyi bir dövrdə baş verdi. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi və 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı.
İkinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan bu dəfə də ordu quruculuğunu məhz erməni təcavüzünün həqiqətləri ilə başladı. Ümummilli lider Heydər Əliyevin səyi və qətiyyəti ilə Silahlı Qüvvələr quruculuğu ölkəmizdə mütəşəkkil ordunun təməlini qoydu və onun daha da möhkəmləndirilməsinə zəmin yaratdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi strategiyası sayəsində ordumuz dövlətin və xalqın etimadını doğruldaraq, qarşıda duran ən əsas vəzifələri təmin etməyə qadir səviyyəyə yüksəlib.
Bu gün maddi-texniki bazası ardıcıl olaraq möhkəmləndirilən Azərbaycan ordusu işğal altında olan doğma torpaqlarımızın düşmən əsarətindən azad olunacağı günü daha da yaxınlaşdırır.
Tarixi varislik ənənəsinə uyğun olaraq Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi hər il bayram edilir. Azərbaycan Ordusunun yaranmasının 102-ci ildönümü münasibətilə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hər an hazır olan Azərbaycan ordusunu alqışlayaraq, bu yolda canını fəda etmiş qəhrəman Vətən övladlarının ruhu qarşısında baş əyirik.
Xalqımızın istiqlaliyyətinin, ölkəmizin müstəqilliyinin təminatçısı, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan Azərbaycan Sİlahlı Qüvvələrinə eşq olsun!
Bayramınız mübarək!