z
01 OKTYABR / 2020 / 11:06
Artıq 5-ci ildir ki, Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) ən yüksək balla (600 və daha çox) ali təhsil müəssisələrinə qəbul olunmuş metropolitençi ailələrin övladları ilə görüş keçirir. Bu il 8 belə gənc ölkənin müxtəlif ali təhsil məktəblərinin tələbəsi adını qazanıb.
Ölkəmizdə yeni tipli koronavirus (“COVID-19”) pandemiyası şəraitində təhsil mövsümündə tətbiq edilən bir sıra dəyişikliklər səbəbilə tədris ili yeni qaydalarla başlanır. Həmçinin idarə və müəssisələr də fəaliyyətini koronavirus profilaktikası tələbləri səviyyəsində tənzimləyir.
MİHİ-də karantin rejiminin tələblərinə riayət olunmaqla, tələbə adını qazananlar və onların valideynləri ilə görüş keçirilib. Həmkarlar İttifaqının sədri Arif Mərdanov ali məktəb auditoriyalarına ilk dəfə qədəm qoyan gəncləri və onların valideynlərini “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və bütün metropolitençilər adından təbrik edib. Uzun illər zəhmət çəkmiş valideynlər üçün övladlarının bu gününü görmək əsl xoşbəxtlikdir.
“Sağ olun ki, bu əziyyətin əvəzini layiqincə verdiniz, ümid edirəm ki, ali təhsilinizi başa vurduqdan sonra yüksək ixtisaslı mütəxəssis kimi ölkəmizin çiçəklənməsinə öz töhfələrinizi verəcəksiniz. Bu sizin Vətən qarşısında borcunuz olacaq”, - deyən MİHİ sədri erməni vandalizmi və onun nəticələrini, xüsusən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyətin elan edildiyi bir şəraitdə tələbə adını qazananların da üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O bildirib ki, hər bir gənc təhsilini ən yüksək keyfiyyətlə başa vuraraq, ölkəmizin inkişafı, gələcəyi naminə öz töhfələrini verməlidir. Bu da ön cəbhədə düşmənlə üz-üzə dayanan hərbçilərimizin xidməti qədər Vətən qarşısında hər kəsin müqəddəs borcu olmalıdır.
Görüşdə çıxış edən tələbələr, həmçinin onların valideynləri diqqətə və qayğıya görə “Bakı Metropoliteni” QSC- nin və Metropoliten İşçilər Həmkarlar İttifaqının rəhbərliyinə təşəkkürlərini bildirdilər.
MİHİ sədri tələbə adını qazanmış gənclərə təşkilatın mükafatlarını təqdim etdi və gəncləri təbrik edərək, onlara ali amallara yetişmək, şəxsi həyatlarında və təhsildə uğurlar arzuladı.