z
02 OKTYABR / 2020 / 18:00
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri ölkəmizin yaşayış məntəqələrini və hərbi mövqelərini beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın əks-hücum əməliyyatları başlanıb. İndi hər gün Şanlı Ordumuzun düşmənə endirdiyi ağır və sarsıdıcı zərbələrin soraqlarını eşidir, bundan ilham alaraq, sabaha daha böyük ümidlə baxırıq.
Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızın ordumuzun köməyi ilə tezliklə azad ediləcəyinə inamımız gündən-günə daha da artır, mətinləşir, möhkəmlənir. Hər gün yüz minlərlə sərnişinin xidmətinə çıxan “Bakı Metropoliteni” QSC-nin kollektivi məhz bu xəbərlərlə daha da böyük səy və əzmlə işini layiqincə yerinə yetirməyə çalışır.
Ali Baş Komandanımızla və xalqımızla həmrəyliyin ifadəsi kimi metropolitenin kollektivi Şanlı Ordumuza dəstəyini nümayiş etdirmək, sərnişinlərdə yüksək ovqat yaratmaq, bu günlərdə sevinc, qürur və fəxarətlə sabaha inanan insanlarımızla birliyini bəyan etmək üçün günün nəbzini tutan daha bir sosial layihəsinə başlayıb.
Bu gündən stansiyalarda davamlı olaraq, yeni tipli posterlər yerləşdirilməsinə başlanılır.
- Qarabağ Azərbaycandır!
- Qanımızla, canımızla qoruyarıq səni, təki sən dalğalan üçrəngli bayrağım!
- Hər açılan atəşin zəfərə səsləyir bizi!
- Qələbəyə inamımız sarsılmazdır!
- Həmişə sülh tərəfdarı ol, lakin müharibəyə də hazır ol!
- Yurdda sülh, cahanda sülh- sülh elçisi , Azərbaycan əsgəri!
- Zəfər bizim haqqımız, Qarabağ amalımız! devizli posterlər bu gündən stansiyalarımızın görkəmini daha da əzəmətli edəcək.
Yüksək döyüş ruhuna, haqqımız olanı qanımız bahasına almağa çağıran, metropolitençilərin dəstək səsi, əsgərimizə çağırışı olan və bizi qələbəyə ruhlandıran bu posterlər davamlı olaraq yeni mövzularla zənginləşdiriləcək.