z
16 OKTYABR / 2020 / 13:49
“Bakı Metropoliteni” QSC-nin cavabdehlər Şixəliyev Fikrət Sərvər oğlu, Abdullayev Nazim Mədət oğlu, Mustafayev Hüseyn Əziz oğlu, Əhmədova Nüşabə Bəyoğlan qızı, Rzayev Asif Mirzə oğlu, Zeynalov Akif Mehdi oğlu, Yunusov Bəxdiyar İzzət oğluna qarşı işgüzar nüfuzun müdafiəsi tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Sabunçu rayon Məhkəməsində baxılmış və məhkəmənin 2019-cu il noyabr ayının 22-də imzalanmış 2(008)-2400/2019 saylı qətnaməsi ilə “araz.az” internet saytının təsisçisi və baş redaktorunun üzərinə iddiaçı “Bakı Metropoliteni” QSC-nin işgüzar nüfuzuna ciddi xələl gətirən, həqiqətə uyğun olmayan məlumatları rəhbəri olduğu “araz.az” internet saytında yaydığına görə “Bakı Metropoliteni” QSC-dən yazılı şəkildə “araz.az" saytında yerləşdirilməklə üzr istənilməsi və həmin saytda 04.05.2018-ci il tarixdə yerləşdirilmiş “Bakı metrosunda korrupsiya trenajoru” başlıqlı məqalədə həqiqətə uyğun olmayan məlumatların təkzib olunması, təkzibin həmin məqalələrin yığıldığı şriftlə və “Təkzib” başlığı altında yerləşdirilməsi vəzifəsi qoyulmuşdu.
“araz.az” internet saytının təsisçisi və baş redaktoru Hüseyn Əziz oğlu Mustafayev Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22.11.2019-cu il tarixli 2(008)-2400/2019 saylı qüvvəyə minmiş qətnaməsinin icrasını təmin edərək, “araz.az” internet saytında “Bakı Metropoliteni” QSC-nin işgüzar nüfuzuna ciddi xələl gətirən həqiqətə uyğun olmayan məlumatları yaydığına görə təəssüf hissi keçirdiyini ifadə etməklə “Bakı Metropoliteni” QSC-dən üzr istəyib, “araz.az” saytında 04.05.2018-ci il tarixdə yerləşdirdiyi “Bakı metrosunda korrupsiya trenajoru” başlıqlı məqalədə yer almış məlumatların həqiqətə uyğun olmadığını təsdiqləməklə təkzib verib.
“Bakı Metropoliteni” QSC daim ictimaiyyətə açıq olduğunu bildirir və bir daha kütləvi informasiya vasitələrinə müraciət edərək, paytaxtın ictimai sərnişindaşıma nəqliyyatı sektorunda xüsusi çəkisi olan, bu səbəbdən sərnişinlər arasında əsassız narahatlıq və təşviş yaradan məlumatların dəqiqləşdirilmədən, müəssisənin rəsmi münasibəti öyrənilmədən yayılmamasını, bununla metropolitenin çoxminlik zəhmətkeş kollektivinin və rəhbərliyinin əməyinə kölgə salınmasına və nüfuzuna xələl gətirilməsinə yol verməməyi xahiş edir.