z
04 DEKABR / 2020 / 12:00
Torpaqlarımızın bütövlüyünə, toxunulmazlığına qarşı Ermənistanın Silahlı Qüvvələrinin uzun illər davam edən təxribatlarına, beynəlxalq hüququn tələblərinə zidd olan hərəkətlərinə cavab olaraq, bu il sentyabrın 27-də Azərbaycan xalqı otuz ilə yaxın davam edən bu işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda qəti mübarizəyə qalxdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi 44 günlük hərbi əməliyyatlar nəticəsində şanlı ordumuzun böyük rəşadəti, hərb tarixində yer alan döyüş bacarığı nəticəsində xalqımız düşmən üzərində tarixi qələbə çaldı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Bu Böyük qələbə Azərbaycanın haqq yolunda apardığı mübarizənin şərəfli sonluğudur. Bu qələbə bizim birlik və həmrəyliyimizin nümayişi, düşmənə sarsıdıcı zərbələr endirən müzəffər ordumuzun hər əsgər və zabitinin, arxa cəbhədə onlara hərtərəfli dəstək olan soydaşlarımızın milli qürürunun, əzminin təntənəsidir.
Əlbəttə, müharibədə qazanılan qələbə itkisiz olmur. Biz də bu döyüşlərdə şəhiddər verdik, əsgərlərimiz, zabitlərimiz, qazilərimiz arasında yaralananlar, sağlamlığını itirənlər var. Torpaqlarımız onların həyatı, qanı bahasına azad edildi. Xalqımız bu fədakar insanların, torpaqları uğrunda canını qurban vermiş övladlarının xatirəsini əziz tutaraq hər zaman onları qəlbində yaşadacaq. Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını qurban etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək.
Bu gün dekabrın 4-ü, saat 12:00-da isə bütün ölkə əhalisi şəhidlərimizin əziz xatirəsini yad edib. Hər bir müəssisədə, idarə və təşkilatda, hər bir azərbaycanlı ailəsində bu münasibətlə 1 dəqiqəlik sükut elan edilib. Şəhidlərimizin xatirəsi Bakı metropoliteninin bütün istehsalat sahələrində, idarə aparatında anılıb.
Şəhadətin mübarək, Şəhidim!