z
28 MAY / 2021 / 08:00
Yüz üç il bundan əvvəl – 1918-ci il mayın 28-i ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub, müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.
Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bu möhtəşəm tarix xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddaratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsini və inkişafının təməlini qoyaraq, 28 May tarixinin nailiyyətlərinin də qorunmasını bizə tarixi vəzifə kimi müəyyən edib: “Azərbaycanı demokratiya yolu ilə, ardıcıl surətdə irəliyə aparacağıq, ölkəmizin müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini daimi edəcəyik, əbədi edəcəyik”.
Azərbaycan bu şanlı Günü işğal olunmuş torpaqlarımızın yağı düşməndən azad edilməsinin Zəfər təntənəsi ilə qeyd edir. Belə tarixi gündə ölkəmizin ərazi bütövlüyünün qorunması naminə uca şəhidlik zirvəsinə yüksələn qəhrəman övladların unudulmaz xatirəsini də, azadlıq qurbanlarımızla yanaşı, ehtiramla yad edir, torpaqlarımızın müdafiəsində dayanan mətin Vətən övladlarını salamlayırıq.
Respublika Günü münasibətilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi adından bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, xalqımıza güc birliyi, əzmkarlıq, ölkəmizə firavan gələcək, dövlətimizə əbədi müstəqillik və suverenlik, əmin-amanlıq arzu edirik.
Bayramınız mübarək olsun!