z

Milli Qurtuluş Günü Bakı Metropoliteninin də xilas günüdür

Milli Qurtuluş Günü Bakı Metropoliteninin də xilas günüdür

15 IYUN / 2021 / 08:44

Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Azərbaycan xalqının taleyində mühüm başlanğıcların əsasının qoyulduğu 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan, yazan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli liderimiz Heydər Əliyevdir.
Dahi lider Heydər Əliyev müstəqilliyimizin 1991-1993-cü illər mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycanı bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi və müstəqilliyini yenicə bərpa etmiş ölkəni bu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyev idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. 
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Bununla da Azərbaycan xalqının taleyində yeni bir dövrün başlanğıcı qoyuldu. 
Həmin dövrün ən parlaq səhifəsi isə Azərbaycan xalqının Heydər Əliyev siyasi kursunun layiqli davamçısı müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması oldu.
Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq.