z

İstanbul metrosu və “Aselsan” şirkətinin rəhbər heyətləri Bakı metropolitenində işgüzar səfərdə olublar

İstanbul metrosu və “Aselsan” şirkətinin rəhbər heyətləri Bakı metropolitenində işgüzar...

21 DEKABR / 2021 / 09:40

2021-ci il Bakı və İstanbul metropolitenlərinin qarşılıqlı əməkdaşlığının inkişafında xüsusi yer tutacaq. Bu əməkdaşlıq çərçivəsində cari ilin  dekabrın 16-17-də İstanbul metropoliteninin, son illərdə dəmiryol, o cümlədən metro texnologiyaları sahəsində də böyük uğurlar qazanan “Aselsan” şirkətinin rəhbər heyətləri geniş tərkibdə “Bakı Metropoliteni” QSC-də işgüzar səfərdə olublar. Görüşlərdə Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Mirzəzadə də iştirak edib.
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və qonaqlar Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, onun və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarları önünə gül dəstələri düzüblər.
Şəhidlər xiyabanı da ziyarət edilib və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. "20 Yanvar" tarixinin metropolitençi şəhidləri İlqar Qarayev və Əflatun Kazımov haqqında qonaqlara məlumat təqdim edilib. Şəhidlər Xiyabanında 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Qafqaz İslam Ordusu döyüşçülərinin  abidəsi də ziyarət olunub,  gül dəstələri düzülüb.
 Hörmətli qonaqları metropolitendə salamlayan Cəmiyyətin sədri Zaur Hüseynov İstanbul metrosunun rəhbəri Özgür Soyu Bakıda növbəti dəfə qarşılamaqdan məmnunluğunu ifadə edib. O, səfərin geniş tərkibdə məsul rəhbər şəxslərlə keçirilməsinin ötən qısa müddətdə səmərəli əməkdaşlığın məntiqi davamı və daha böyük layihələrin təkanverici qüvvəsi olduğunu deyib. Zaur Hüseynov Bakı metropoliteninin nümayəndə heyətlərinin sentyabr ayında işgüzar səfəri zamanı yaradılan şəraitə görə İstanbul metropoliteninin, bu xüsusda təcrübə və fikir mübadiləsi təşəbbüsünə görə “Aselsan” şirkətinin rəhbərliklərinə təşəkkür edib. “Bakı Metropoliteni” QSC-nin sədri “bir millət, iki dövlət” prinsipi ilə ölkələrimiz arasında xüsusi intensivliklə inkişaf edən əməkdaşlıqda metropolitenlərin də özünəməxsus rolunun olacağına əminliyini ifadə edib.
Görüş zamanı qonaqlara Bakı metrosu və texnoloji yeniliklər və perspektivlər barədə geniş təqdimat keçirilib. Təlim-tədris mərkəzi ilə tanışlıq zamanı sahənin akademik səviyyədə fəaliyyətindən məmnunluğunu ifadə edən Özgür Soy ilk səfərdən sonra İstanbul metropolitenində tədris mərkəzinin qurulması zamanı bakılı həmkarlarının təcrübəsinin öyrənilməsi barədə qərar verildiyini bildirib. QSC sədri bu məsələdə bütün məlumatların təqdim ediləcəyini və köməyin göstəriləcəyini vurğulayıb.
Zaur Hüseynov Bakı metropolitençilərinin İstanbula səfərindən sonra qarşılıqlı əməkdaşlıq üçün daha geniş zəmin yarandığını qeyd edib. O, İstanbul metrosunun yeni xətlərinin və Türkiyə istehsalı olan sistem və avadanlıqların tətbiqi imkanlarının öyrənilməsi istiqamətində müvafiq tapşırıqlar verildiyini və artıq ilkin nəticələr olduğunu bildirib. Bu xüsusda “Aselsan” şirkətinin müxtəlif sahələr üzrə rəhbər şəxsləri ilə də müzakirələr aparılıb.
Metropolitenlə ətraflı tanışlıq “Nərimanov” elektrik deposunda unikal layihə əsasında inşa olunmuş dispetçer mərkəzləşmə məntəqəsi, videomüşahidə, işarəvermə avadanlıqları sahələri ilə davam edib. Qatarların depo ərazisində hərəkətinin təşkilinin yeni sistemləri barədə məlumat təqdim olunub. Vaqonların cari və əsaslı, habelə yeni inşa olunmuş elektrik mühərriklərinin təmiri sahələrindəki yeniliklər qonaqlara göstərilib və qarşılıqlı əməkdaşlıq perspektivləri baxımından fikir mübadiləsi aparılıb.
Görüşün birinci günü Sovet dövründə inşa olunmuş Qırmızı və Yaşıl xətlərlə davam edib. Qonaqlara Sovet dövrü metropolitenlərinin xüsusiyyətləri, avadanlıq və sistemlər və onların yenilənməsi, stansiyaların yenidənqurma işləri barədə məlumatlar verilərək, bu istiqamətdə əməkdaşlıq imkanları barədə söz açılıb.
Bakı metrosu ilə tanışlıq Bənövşəyi xətt və tətbiq ediən yeni texnologiyalar və bu xüsusda “Aselsan” şirkəti ilə geniş əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Tanışlıq və müzakirələr səmimi söhbətlər əsasında keçərək, geniş və faydalı işbirliyi, qarşılıqlı əməkdaşlıq imkanlarının yeni müstəvi üzərində davam etdirilməsi barədə əminliyin ifadə olunması ilə yekunlaşıb.
Qeyd edək ki, Bakı metropoliteninin Bənövşəyi xəttində Fransanın “Thales” şirkətilə əməkdaşlıq şəraitində tətbiq edilən yeniliklərin mənimsənilməsi zamanı Bakı metropoliteninin gənc kadrlarının dünyanın bir sıra metropolitenləri ilə yanaşı, İstanbul metrosunda da davamlı təcrübə keçiblər. Bu il isə əməkdaşlığın yol təsərrüfatı, idarəetmə texnologiyaları, işarəvermə və rabitə sahələrinin əməkdaşlarının təcrübə səfərləri ilə davam edib.