z

İki həmkarımız dünyasını dəyişib

İki həmkarımız dünyasını dəyişib

22 DEKABR / 2021 / 15:00

“Bakı Metropoliteni” QSC kollektivinə ağır itki üz verib. Tikinti Departamentinin Dəmir Yolunun Tikintisi və Əsaslı Təmir işləri üzrə Dəstəsinin rəisi işləmiş Babaşxan Baxışov və Elektromexanika xidməti 3 saylı elektomexanika distansiyası su təchizatı sahəsinin elektrik çilingəri Eldar Süleymanov dünyasını dəyişiblər.
Babaşxan Baba oğlu Baxışov 1959-cu il martın 20-də Şamaxı rayonunda anadan olub. Hərbi xidməti başa vurduqdan sonra iş həyatına atılan Babaşxan Baxışov fərqli illərdə bir-neçə təşkilatda müxtəlif vəzifələrdə çalışıb. Son iş yeri olan metropolitendə tikilən yeni sahələrdə yolun ən müasir texnologiyalar üzrə qurulmasında, deponun sınaq yolunun bu texnologiyalar əsasında inşasında, eləcə də bu işlərin istismarda olan stansiya və tunel yollarında həyata keşirilməsində, yollarda ağac şpalların dəmir-beton bloklarla əvəz edilməsi kimi layihələrin reallaşdırılmasında əməyi böyük olub, Babaşxan Baxışov bu işlərə birbaşa rəhbərlik edib. O, nümunəvi metropolitençi olmaqla bərabər, eyni zamanda da layiqli ailə başçısı, səmimi dost, gözəl insan idi.
Elektromexanika xidməti 3 saylı elektomexanika distansiyası su təchizatı sahəsinin elektrik çilingəri Eldar Süleymanov bu gün səhər saatlarında işə gələrkən qəfildən vəfat edib. Eldar Salman oğlu Süleymanov 1965-ci il noyabrın 28-də Bakıda anadan olub. Metroda əmək fəaliyyətinə 1988-ci ildə 23 yaşında elektromexanika xidmətinin çilingəri kimi başlayıb və burada su təchizatı sahəsində ömrünün sonuna kimi çalışıb. Metro stansiyalarının və digər istehsalat sahələrinin davamlı surətdə su ilə təchiz olunmasında böyük əməyi olan Eldar Süleymanov öz sənətini sevən, onunla fəxr edən peşəkar mütəxəssis idi. Vəzifə borcuna son dərəcə məsuliyyətlə, vicdanla yanaşan insan kimi tanınırdı. Həmkarlarının, xidmət və distansiya rəhbərliyinin sözlərinə görə, verilən tapşırığı, ondan tələb olunan işi keyfiyyətlə və vaxtında yerinə yetirməkdə nümunəvi işçi idi. Bir insan kimi də iş yoldaşları arasında hörmət və böyük nüfuz qazanmışdı. Öz yerini bilir, başqalarına da bunu tövsiyə edir, insanlara dəyər verməyi bacarırdı. Kollektiv, onunla çiyin-çiyinə işləyən insanlar Eldarın qəfil vəfatını özü üçün acılı, dərin kədər doğuran bir itki sayır
Metropoliten kollektivini hər iki dəyərli həmkarımızın xatirəsini əziz tutur, mərhumlara Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.