z

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək

31 DEKABR / 2021 / 09:00

Əziz həmvətənlər!
30 ilə yaxın bir dövrün həsrətinə son qoyan Zəfər ovqatlı, Doğma Qarabağ və Şərqi Zəngəzurda quruculuq vüsətli 2021-ci ilin başa çatmasına saatlar qalıb. Beləcə, hətta dünyada davam edən koronavirus pandemiyası kabusunun bütün məhdudiyyətləri və məhrumiyyətlərinə rəğmən, bütün ölkəmiz kimi, Bakı metropoliteninin zəhmətkeş kollektivi də bütün sınaqlara sinə gərərək, 2021-ci ili yeniliklər və ümidlərlə başa vurur.
Təxminən 8 ay yarım bağlı qalan Bakı metropoliteni 2021-ci ilin may ayının 31-də bu dəfə 25 deyil, 26 stansiya ilə qapılarını yenidən sərnişinlərinin üzünə açdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “8 Noyabr” adlandırılmış stansiyası da sərnişindaşıma konveyerinə qoşulan metropoltenin bu çətin sınaqlar ilində digər sahələrdə də uğurlar az olmayıb. Pandemiyanın məhdudiyyətlərinə rəğmən “Cəfər Cabbarlı” stansiyasının bir yolu tam yeni görkəmi və yenilənmiş infrastrukturu ilə sərnişinlərin ixtiyarına verilib. Tarixdə ilk dəfə istismar olunan tuneldə - “Xətai-Cəfər Cabbarlı” mənzilində əsaslı yenidənqurma və modernləşdirmə işlərinin tərkib hissəsi kimi tunel yoluna dəmir-beton blokların qoyulmasına başlanılıb.
2021-ci ildə 20 vaqondan ibarət 4 yeni qatar verilib və bununla müasir tipli hərəkət tərkiblərinin sayı 19-a çatdırılıb. 10 yeni ventilyatorun, ilk dəfə mövcud stansiya şaxtalarında yeni tipli təbii havalandırma sistemlərinin, habelə digər sanitar-mühəndis qurğularının quraşdırılması, müvafiq qulluq aparılaraq modernləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarına söykənən avadanlıq və sistemlərdə müvafiq yenilənmə tədbirlərinin həyata keçirilməsi, yollarda, tunellərdə sağlamlaşdırma tədbirlərinin dərinləşdirilməsi və digər bütün mühüm sahələrin işi planlaşdırılmış qaydada davam etdirilib. Bu xüsusda “Elmlər Akademiyası” stansiyasının hər iki yolunun, “28 May” stansiyası yaxınlığında yerləşən və 55 ildir istismar olunan mühüm əhəmiyyətli iki şaxtanın əsaslı təmir olunması, şaxta gövdəsinin yol kənarına çəkilərək, yol-nəqliyyat infrastrukturuna töhfə verilməsi kimi xüsusi qeyd oluna bilər.
Pandemiya dövründə metropoliten bütün qüvvəsini səfərbər edərək, sərnişin daşıdığı müddətdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, göstəriş və tövsiyələrini rəhbər tutaraq nümunəvi fəaliyyət nümayiş etdirdi.
2022-ci ildə 55 illiyini qeyd edəcək Bakı metropoliteninin kollektivini böyük quruculuq planları, müasir standartlara uyğunlaşdırma tədbirləri və sosial layihələr gözləyir.
Metropoliten kollektivi yeni ildə qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edir və bütün xalqımızı, o cümlədən sərnişinlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edir.
Qoy 2022-ci il sevinc, nailiyyətlər, yüksək rifahı və quruculuq vüsəti gətirsin.
Bayramlarınız mübarək!