z
02 FEVRAL / 2022 / 14:42
Bakı metropoliteni sosial əhəmiyyətli layihələri ilə həmişə xüsusi diqqət mərkəzində olub. Bu mənada kadr hazırlığı, insan resurslarının idarə olunması və işçilərin istirahəti və asudə vaxtının təşkili, onları əhatə edən korporativ sosial məsuliyyət proqramları, bununla yanaşı, metropoliten sərnişinlərini əhatə edən layihələr xüsusi yer tutur.
“Təcrübəçi layihəsi” işə qəbulun yeni uğur formuludur
Bakı metropoliteninin istehsal sahələrində əldə olunan nailiyyətlər, ilk növbədə, insan amili faktorunun, kadrların peşəkarlığının nəticəsidir. Bu kadrların böyük bir hissəsi müəssisənin artıq 7 ildir fəaliyyət göstərən Təlim-tədris mərkəzində yetişdirilir, ixtisası təkmilləşdirilir. 2021-ci ildə burada 735 metropolitençi ilə 2226 saat təlim keçirilib. Yeni qəbul edilmiş proqrama əsasən, işə qəbul edilən yeni əməkdaşlar istehsalat şəraitində 2 həftədən çox olmayan uyğunlaşma proqramına cəlb edilir. Bu xüsusda “Təcrübəçi layihəsi” adlandırılmış proqramla il ərzində 4 qrupda 29 nəfər baxışdan keçirilib və onlardan 17 nəfər işə qəbul edilib. Hazırda 6 nəfərin struktur vahidləri üzrə peşə hazırlığı davam etdirilir.
Maşinist hazırlığı mütəmadi təkmilləşdirilən layihə kimi fəaliyyətdədir. 2020-2021-ci tədris ilində hazırlıq kursuna cəlb olunan 17 nəfərlə 828 saat təlim keçirilib və kursu uğurla bitirən müdavimlər işlə təmin ediliblər. Hazırda 16 nəfərin hazırlığı davam etdirilir. 2022-ci ilin ilk ayında növbəti qrupun seçim prosesi başlanıb.
Kadrların hazırlığı ilə bağlı ölkənin təhsil müəssisələri ilə ortaq seminar və dərslərin keçirilməsi barədə Dövlət Neft və Sənaye, Memarlıq və İnşaat, Texniki universitetlər, Dəmiryolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi ilə qarşılıqlı razılıq əldə olunub. Bu tədris müəssisəsinin tələbələrinin istehsalat və elmi-tədqiqat təcrübələri metropolitendə təşkil edilib.
Peşə qabiliyyətinin möhkəmləndirilməsinə münasibət ciddidir
İl ərzində ümumilikdə 42 qəza-məşq oyunu keçirilib. Bununla əlaqədar yeni proqramlar hazırlanıb, hər təlimdən əvvəl və sonra müvafiq təlimatların keçirilməsinə diqqət edilib. Qatar maşinistlərinin əmək qabiliyyəti və çevikliyinin daimiliyi məqsədilə trenajorlarda qəza-məşq oyunları il boyu keçirilib, zəif nəticə göstərən maşinistlər təlimatlandırılaraq, təkrar məşqlərə cəlb olunublar. İl ərzində 81-765/766 seriyalı vaqonlar üçün trenajorda 24 mövzu üzrə 894, 81-717/714 seriyalı vaqonlar üçün trenajorda 12 mövzu üzrə 1287 qəza-məşq oyunu təşkil edilib.
Beynəlxalq əməkdaşlıq çərçivəsində
İl ərzində beynəlxalq təcrübənin öyrənilməsi və işçilərin yanaşma tərzinin təkmilləşdirilməsi məqsədi ilə əcnəbi mütəxəssislərlə fikir mübadiləsi çərçivəsində “Tokio Metro Academy”nin və İstanbul metrosunun mütəxəssisləri ilə onlayn müzakirələr təşkil olunub, “Bakı Metropoliteni” QSC-nin də daxil olduğu “Metro” Beynəlxalq Assosiasiyasının tədbirləri, sərgi və konfransları səmərə baxımından diqqət mərkəzində olub. Bakı və İstanbul metropolitenlərinin qarşılıqlı təcrübə əməkdaşlığı daha da dərinləşdirilib. Bu xüsusda İstanbul metropoliteninin rəisi Bakıda iki dəfə səfərdə olub. Metropolitenin bir sıra sahələrinin mütəxəssisləri isə İstanbul metrosundakı yenilikləri öyrəniblər.
Korporativ sosial məsuliyyət proqramları bərpa olunur
Korporativ sosial məsuliyyət çərçivəsində metropolitençilərin övladları və nəvələri üçün robototexnika kurslarının təşkili yeni dövr üçün daha bir ümid pəncərəsi olub. Əvvəlki illərdə təsviri sənət, ingilis dili, informatika kursları təşkil edilirdisə, budəfəki kurslar yeniyetmə metropolitençi övladları üçün daha maraqlıdır. 7-13 yaş arası uşaqların cəlb olunduğu kurslar yaş və ağırlıq səviyyəsinə uyğun mövzular əsasında təşkil olunur.
“Təcrübəçi layihəsi”nin 23 iştirakçısının korporativ bağlılığını artırmaq, asudə vaxtını sağlam və səmərəli keçirmək məqsədilə “Bilgəh” istirahət mərkəzində idman və zəka yarışları keçirilib.
Metropoliten İşçiləri Həmkarlar İttifaqı, ənənəsinə uyğun olaraq, ötən il ali tədris müəsssisələrinə yüksək balla daxil olmuş metropolitençi övladları ilə görüş keçirib, dəyərli hədiyyələr və mükafatlar təqdim edib.
Sosial layihələr günün nəbzini tutur
Paytaxtın ictimai nəqliyyat sektorunda özünəməxsus yeri olan Bakı metropoliteninin sosial layihələrinin də özünəməxsus yeri var. Bu xüsusda sərnişindaşıma fəaliyyətinin futbol üzrə Avropa çempionatının final mərhələsi kimi dünyanın ən mötəbər idman yarışlarından birinin ölkəmizdə keçirilməsi ərəfəsində bərpa edilməsinə baxmayaraq qısa müddət ərzində Bakı metropolitenində optimal hazırlıq tədbirləri həyata keçirilib. “A” qrupunun 3 və 1/4 final görüşünün Olimpiya stadionunda keçirilməsi, arena yaxınlığında yerləşən “Koroğlu” stansiyası əsas olmaqla, metropolitendə gücləndirilmiş iş rejimi tətbiq edilib. Operativ qərargah oyunların keçirildiyi günlərdə metropolitenin nizamlı işini qurub. Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə əməkdaşlıq çərçivəsində qısa müddət ərzində 33 könüllü seçilərək 6 metro stansiyasında fəaliyyəti təmin edilib. Metropolitendən istifadə edənlərin, xüsusən əcnəbinələrin səmti rahatlıqla müəyyən etməsi, gediş haqqını ödəməsi və istifadə qaydaları, şəhərin tarixi və sosial-mədəni obyektləri barədə məlumatlar təqdim edilib.
Stansiya və qatarlarda monitorlarda, statik lövhələrdə qitə çempionatının Bakı günləri barədə məlumatlar diqqətə çatdırılıb. “Özünü qoru, oyundan həzz al”, “Türkiyə, ürəyimiz səninlə döyünür” posterləri isə futbol şöləni ab-havasına dəstək olub.
Bakının yeraltı polad magistralının “Nizami” stansiyası nəinki Azərbaycanın, eləcə də dünya metropolitenləri arasında bir memarlıq və təsviri sənət incisi hesab edilir. 2021-ci ilin “Nizami ili” elan edilməsi ilə əlaqədar metropolitenin sərnişindaşıma fəaliyyəti bərpa olunduğu gün “Nizami” stansiyasında dahi mütəfəkkirə həsr olunmuş zəngin layihə həyata keçirilib. İlin ikinci yarısı boyunca sərnişinlər burada hər gün şairin ölməz kəlamları ilə tanış oldular. Həmçinin şair haqqında çəkilən bədii film, 17 ölməz pannonun müəllifi Mikayıl Abdullayev haqqında məlumatlarla yanaşı, Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təqdimatında ilk dəfə nümayiş olunan Təbriz miniatür məktəbinin miniatürləri diqqəti cəlb edib.
İl ərzində sosial əhəmiyyətli “Qarabağ Azərbaycandır!”, “8 Noyabr - Zəfər Günü”, eləcə də pandemiya, ekologiya və narkomaniya əleyhinə mövzularda metropoliten fərqli formatlarda layihələrini təqdim edib.
Bu xüsusda sentyabrın son ongünlüyündə başlanan “Könlüm keçir Qarabağ”dan sərgisi hər bir izləyicisini Qarabağ və Şərqi Zəngəzurun hər bir bölgəsinin tarixi, sosial-mədəni həyatı, zəngin təbiətinə səyahətə dəvət edərək, işğaldan azad edilmiş torpaqlara qayıdışın dəstək ifadəsi olub.
8 Noyabr tarixi həm də metropolitençilərin peşə bayramı günüdür. Bu xüsusda “8 Noyabr” stansiyası əsas olmaqla ilk Zəfər Günü metropolitendə geniş sosial-mədəni tədbirlərlə qeyd edilib. Stansiyalar, qatarlar bəzədilib, “8 Noyabr” və “İçərişəhər” stansiyalarında hərbi orkestrin ifasında konsert proqramı səsləndirilib. “8 Noyabr” stansiyasında sosial platformalar üzərindən 2021-ci il sentyabrın 27-də başlanmış “Sizinlə qürur duyuruq” layihəsi çərivəsində II Qarabağ savaşının itirakçısı olmuş 71 metropolitençi qəhrəmanın fotolarından ibarət sərgi 4 gün ərzində nümayiş etdirilib.
Qeyd olunmalıdır ki, 2020-ci il sentyabrın 27-dən sonra Vətənin səsinə səs verən 53 metropolitençi də müharibənin odlu-alovlu yollarını keçmişdi. İl ərzində daha 20 nəfər müharibə itirakçısı peşə və ixtisası nəzərə alınmaqla metropolitendə işlə təmin edilib. Onlara diqqət il ərzində xüsusi mövzu olub. 2021-ci ilin əvvəlində QSC və MİHİ rəhbərliyinin iştirakı ilə keçirilən görüş və mükafatlandırmadan başlayaraq, onlarla bağlı müxtəlif əmək, ixtisasartırma və ixtisasdəyişmə proqramları istioqamətində əhəmiyyətli tədbirlər görülüb. 8 Noyabr – Zəfər Günü ərəfəsində isə hər bir müharibə iştirakçısı ilə bir daha görüş keçirilərək, mükafatlar təqdim edilib.
İlin son sosial tədbiri isə ənənə üzrə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunub. Şaxta baba və Qarqızın maraqlı qəhrəmanlarla ikigünlük əyləncəli şousu ilə yanaşı bayram günlərində bəzədilmiş qatar xətdə olub, iki ili qovuşduran layihə isə peşəkar ifaçılardan ibarət simli kvartetin iki stansiyada konsert proqramları olub.
Metropoliten 55-ci ilinin xidməti dövründə sərnişinlərinə xidmət göstərir. Bu ilin daha uğurlu olması üçün metropoliten yeni nailiyyətlərə doğru addımlayacağı şübhəsizdir. Çünki 2022-ci il də Bakı metrosu üçün əlamətdar hadisələrlə zəngin olacaq.