z
02 FEVRAL / 2022 / 15:52
Mütamadi olaraq izləyicilərimizə metropolitençilərin əmək uğurları ilə yanaşı, maraq doğuran fəaliyyətləri barədə də məlumatlar təqdim edirik. Bu mənada daha bir əməkdaşımız barədə söz açmağın əsl zamanıdır.
Qəhrəmanımız ölkə hüdudlarında kənarda böyük bir uğura imza atıb. Bu uğur metropolitenin fəaliyyət sahəsinə aid olmasa da, daim işçilərin sosial-mədəni həyatına dəstək verən Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) diqqətindən kənar qalmayıb.
MİHİ sədri Arif Mərdanovun iştirakı ilə keçirilən görüşün qəhrəmanı universal döyüş üzrə dünya çempionatında Azərbaycan bayrağını ucaldaraq qızıl medal qazanmış metropolitençi İlkin Bədirxanovdur.
Döyüş idmanına marağı İlkini, necə deyərlər, çox uzaqlara aparıb. Ötən ilin sonlarında Azərbaycan Universal Döyüş Federasiyasının xətti ilə Türkiyənin Antalya şəhərində universal döyüş idman növü üzrə növbəti dünya çempionatında qalib gələn İlkinin nailiyyətləri bununla bitmir. O, kikboksinq üzrə respublika çempionu, uşu-sanda növündə Avrasiya çempionu və dəfələrlə respublika çempionu, budo idman növü üzrə dünya kubokunun sahibi, bir çox beynəlxalq yarışların qalibidir.
Tədbirdə uğurlarından bəhs edən İlkin həm də nümunəvi işçidir. 2016-cı ildən “Bakı Metropoliteni” QSC-nin yol xidmətində mantyor vəzifəsində çalışır. Kollektivin rəhbərliyi ilə yanaşı, hər gün çiyin-çiyinə sahələrdə çalışdığı həmkarları da onu nümunəvi işçi kimi səciyyələndirirlər.
İlkin Bədirxanov “Bakı Metropoliteni” QSC yaradılana qədər metro inşaatında çalışıb. Daha sonra isə bilik və bacarığı onu yol xidmətinə gətirib.
O, 1990-cı ildə Bakıda anadan olub. Orta təhsilini 212 saylı orta məktəbdə alıb. İdmana isə 7 yaşından gəlib və ailəsi onun xüsusi marağı olan döyüş növləri ilə məşğul olmasına etiraz etməyib. Beləcə, maraq onu peşəkar idman həyatına gətirib. Uşaqlıqdan karate, kikboksinq və s. döyüş növləri ilə məşğul olub. Peşəkar nailiyyətləri isə məhz universal döyüşdə qazanıb.
Sonuncu iştirak etdiyi yarışdan bəhs edərkən, İlkin deyir ki, dünya çempionatı universal döyüşün "Layt”, "Klassik” və "Peşəkar” versiyaları üzrə təşkil olunub. Azərbaycan komandası 32 nəfərlik heyətlə iştirak edib. Millimiz 9 qızıl, 12 gümüş və 16 bürünc medal qazanıb.
“Bakı Metropoliteni” QSC və MİHİ rəhbərliyinə göstərilən diqqətə görə təşəkkür edən İlkin Bədirxanov bundan sonra da Azərbaycanın bayrağını dalğalandırmaq, Vətənin adının, onun himninin daim zirvələrdən eşidilməsi üçün əlindən gələni əsirgəməyəcəyini deyib. Görüşün sonunda İlkin Bədirxanov mükafatlandırılıb.