z
20 MART / 2022 / 16:23
Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC Novruz bayramına həsr edilmiş tədbirlər keçirir.
Pandemiya səbəbilə nümayiş etdirilməyən Bakı metropoliteninin retro vaqonlarından ibarət qatar son iki ildə ilk dəfə yenidən muzey eksponatı kimi "İçərişəhər" stansiyasında nümayiş etdirilir. Qeyd edək ki, hazırda Bakı metropolitenində SSRİ metropolitenlərinin ilk qatarının tərkib hissəsi olan və 1934-cü ildə istehsal olunmuş “A”, 1950-ci illərin istehsalı olan “Q” vaqonları nümayiş olunur. Bu vaqonlar Bakı metropoliteni xətlərində sərnişin daşımayıblar. Onlar Bakı metropoliteni fəaliyyətə başladıqdan sonra yolölçən qatarın tərkib hissəsi olub. Bu qatar xətlərdə yolların və eləcə də bir sıra texniki parametrlər üzrə tunellərin yoxlanılmasına xidmət göstərib. 2015-ci ildə Bakı metropolitenində unikal diaqnostika kompleksi qurulduqdan sonra bu vaqonlar da orijinal görkəmində bərpa olunub.
Retro vaqonlardan daha ikisi isə Bakı metropoliteni xətlərinin də ilk qatarı olmuş “E” seriyalı vaqonlardır. Bu seriyadan sonuncu vaqon 2011-ci ildə istismardan çıxarılıb. Nəhayət, retro vaqonlardan sonuncusu hazırda modifikasiya olunmuş 81-717/714 tipli qatarların tərkib hissəsi olan vaqondur. Sərnişinlər mart ayının 22-dək bu vaqonlara tamaşa edə, salonlarda xatirə şəkilləri çəkdirə bilərlər.
“Bakı Metropoliteni” QSC iki gün davam edəcək daha üç layihəni də sərnişinlərinə təqdim edib.
Səhər saat 10:30-da “İçərişəhər” stansiyasından başlamaqla, “Sahil”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarında konsert proqramı təqdim edilib. İfaçılar Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının məzunlarından ibarət peşəkar kollektivlərdir. Proqrama simli kvartetin və daha sonra milli muğam üçlüyünün canlı ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri daxil idi. Proqramda Novruz bayramının ovqatına uyğun musiqi parçaları üstünlük təşkil edilib.
Daha bir tədbir və günün ən yaddaqalan məqamlarından biri uşaqlar üçün kitabların müəllifi kimi də məşhurlaşmış, “Parni iz Baku” şən və hazırcavablar klubunun veteranı Bəhram Bağırzadə ilə görüş olub.
"İçərişəhər" stansiyasının vestibülündə sərnişinləri Novruz ovqatlı, dadlı-duzlu zarafatları ilə salamlayan Bəhram Bağırzadə uşaqlara silsilə kitablarından növbəti ikisini təqdim edib. Günün əsas mövzusuna uyğun olaraq, kitablar Novruz bayramına və əməlləri ilə adı dillər əzbəri olmuş xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə həsr olunub.
Günün əsas hadisəsi isə Novruz şənliyi olub. “İçərişəhər” stansiyasının vestibülündə başlanan şou proqramda qədim milli xalq tamaşasının personajları olan Bahar qızı, yazın qışla mübarizəsinin rəmzi olan Keçəl və Kosa şən səhnəcikləri, zarafatları, şeirləri, sorğu-sualları, dadlı-duzlu söhbətləri ilə sərnişinlərə xoş anlar bəxş ediblər.
Dünya İllüziyaçılar Assosiasiyasının üzvü Anar Əliyevin təqdim etdiyi sehrbazlıq proqramı, sirk ustalarının əyləncəli dəqiqələri, həmçinin şəkil çəkdirmək istəyənlərin diqqətini cəlb edən nağıl personajları Novruz şənliyinin daha da maraqlı keçməsinə səbəb olublar.
Novruz şənliyinin qəhrəmanları "İçərişəhər" stansiyasının platformasında nümayiş etdirilən retro vaqonlarda da sərnişinləri əyləndirib. Onlar, eləcə də metropoliten nümayəndələri azyaşlı sərnişinlərə hədiyyələr paylayıblar.